Siyavuş Novruzov: “Bu gün Azərbaycanda olan azadlıq heç bir ölkədə yoxdur” MÜSAHİBƏ-YENİLƏNİB - SƏS TV
Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsi:
- Siyavuş müəllim, Azərbaycanda aprelin 11-də növbəti prezident seçkiləri keçiriləcək. Seçki prosesinə start veriləndən indiyə qədər baş verənləri nəzərdən keçirsək, Azərbaycanda seçki mühitini necə dəyərləndirmək olar?
- Azərbaycanda seçki mühiti seçkilərin tam keçirilməsi şərtlərinə cavab verən bir mühitdir. Əgər biz birinci növbədə qanunun aliliyini götürsək görərik ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi var və bu, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun şəkildə formalaşıb. Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən indiyədək Azərbaycanda xeyli sayda seçkilər (prezident, parlament, bələdiyyə, referendum və s.) keçirilib. O baxımdan da aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri qanun çərçivəsində, qanunun özündə ehtiva olunur. Digər bir tərəfdən Azərbaycanda stabil ictimai-siyasi seçki mühiti var. Təbii ki, bu da imkan verir ki, hər bir prezidentliyə namizəd bərabər şəkildə özünün təbliğat-təşviqat kampaniyasını qursun və seçki prosesini aparsın. Seçki Məcəlləsinə uyğun olaraq Azərbaycanda prezident seçkilərində namizədliyinin irəli sürülməsi prosesi, dünya ölkələrinə nisbətdə götürəndə, ən asan forması məhz Azərbaycandadır. Yəni yaşı 18 tamam olan, ali təhsilli, 10 il Azərbaycanın ərazisində daimi yaşayan istənilən Azərbaycan vətəndaşı namizədliyini irəli sürə bilər.
Namizədliyin irəli sürülməsinin 3 forması var: özü-öz təşəbbüsü ilə, seçicilərin təşəbbüs qrupu vasitəsilə və siyasi partiya, siyasi partiya bloku tərəfindən. Yəni hərtərəfli bütün qurumlar üçün şərait yaradılıb ki, əgər bu seçkidə iştirak etmək istəyirsə namizəd irəli sürsün və proqramını vətəndaşlara, seçicilərə çatdırsın. Bu baxımdan da Azərbaycanda olan ictimai-siyasi sabitlik, demokratik inkişaf, insan hüquq və azadlıqlarının qorunması, mətbuat, internet azadlığı və s. hər bir şəxsin özünün tam şəkildə cəmiyyətə təqdim etməsinə imkan yaradır. O baxımdan da bu seçkilərdə bildiyiniz kimi 15 nəfər Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmişdi. Həmin 15 nəfərdən hamısı qeyd alındı və onlara imza vərəqləri verildi. Onlardan 5 nəfəri həmin imza vərəqlərini geri qaytarmadı. Yerdə qalan 10 nəfər imza vərəqlərini MSK-ya təqdim etdi. Bunlardan ikisinin imzaları və digər sənədləri qanunvericiliyin tələblərinə cavab vermədiyinə görə onların namizədliyi qeydə alınmadı. Beləcə, 8 nəfər namizəd artıq qeydiyyata alınıb. Onlar artıq Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində prezident kürsüsü uğrunda mübarizə aparacaqlar. Bunun ikinci mərhələsi təbliğat-təşviqat kampaniyasının aparılması ilə bağlıdır. Bununla bağlı hər bir namizəd təbliğatın bütün növlərindən bərabər şəkildə istifadə edir və edə də bilər. Bildiyiniz kimi yerlərdə məntəqələr qarşısında şitlər quraşdırılıb və onlar öz plakatlarını orada yerləşdirə bilərlər.
Bundan başqa hər bir rayonda qapalı və açıq yerlər müəyyənləşib ki, istənilən namizəd o qapalı və açıq yerlərdə öz təbliğatını aparmaq, seçki platformasını çatdırmaq üçün sözügedən yerlərdən istifadə etmək hüququna malikdir. Artıq namizədlər bunlardan istifadə edirlər və görüşlər keçirirlər. Eləcə də İctimai televiziya və radioda, dövlət qəzetlərində hər həftə 6 saat olmaqla - 3 saat televiziya və 3 saat radioda canlı olaraq namizədlərə müxtəlif sahələr üzrə özünün mövqeyini və proqramını seçicilərə çatdırmasından ötrü tam şərait yaradılıb. O cümlədən dövlət qəzetlərində - “Azərbaycan”, “Xalq”, "Bakinski-Raboçi”də bu şərait onlara yaradılıb. Namizədlərə ödənişsiz hüquq verilib ki, onlar üç həftə ərzində proqramlarını, platformasını, plakatlarını orada yerləşdirə bilsinlər. Bununla belə ödənişli efir vaxtı İctimai televiziyada və özəl kanallarda müəyyənləşib. Kim istəyirsə müqavilə bağlayıb öz təbliğatını orada apara bilər.
Həmçinin, bildiyiniz kimi bu gün yeni texnologiyalar dövrüdür. Dünyanın hər yerində bu texnologiyalardan istifadə olunur. Azərbaycanın ən ucqar dağ kəndlərində internet fəaliyyət göstərir. İstənilən internet portalları, saytları və yaxud da qəzetlərində, eləcə də internet televiziyaları ilə müqavilə bağlayıb öz təbliğatlarını apara bilərlər. Qeyd etmək istərdim ki, Azərbaycanda kifayət qədər internet istifadəçisi var. Hətta bu yarım, bir milyonu belə ötüb. Bir sözlə hər bir namizəd üçün bərabər şərait yaradılıb. Bugünkü günə qədər istər imzatoplama kampaniyasında, istər namizədliyin irəli sürülməsində və s. digər məsələlərdə heç bir namizədin bununla bağlı şikayəti yoxdur. MSK-ya, dairə seçki komissiyalarına və məhkəmələrə elə bir müraciət daxil olmayıb. ATƏT-in nümayəndələri və “exit-poll” aparan qruplarla namizədlərin görüşləri keçirilib. Bütün namizədlər bildiriblər ki, imzatoplama zamanı heç bir müdaxiləyə rast gəlinməyib və MSK tərəfindən hər bir namizədə lazım olan köməklik və dəstək göstərilib.
- Yeni Azərbaycan Partiyasının prezident seçkilərinə hazırlığı necə gedir?
- Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi, seçkilərə öncədən hazırlaşır. Təbii ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərimizi də öncədən görmüşük. Biz seçkiyə bir ildən çox vaxt qalmış hazırlıq işlərini aparırıq. Bildiyiniz kimi ötən ildən YAP özünün şəhər və rayon təşkilatlarının konfraslarını keçirdi, yeni tərkiblər seçildi və qurultaya nümayəndələrini müəyyənləşdirdi. Bir sözlə ötən ilin dekabr ayında biz tam şəkildə hazırlıq işlərimizi görüb başa çatdırmışdıq. Hazırda “Təqvim Planı”na əsasən biz öz işlərimizi görürük. Demək olar ki, YAP hər bir məntəqəyə bir nəfər məşvərətçi səshüquqlu üzv və bir nəfər müşahidəçi təyin edib. Bunlar artıq təyin olunub və vəsiqələrini alıblar. Respublikanın bütün ərazisi üzrə müşahidə aparacaq şəxslər artıq təyin olunub və onlar MSK tərəfindən vəsiqələrini alıblar. O cümlədən YAP-ın 84 rayon və şəhər təşkilatında seçki qərargahları fəaliyyət göstərir. Bu seçki qərargahlarında 15 nəfərdən 35-dək insanlar həmin qərargahının üzvləridirlər. Təbii ki, bu rayonların böyüklüyündən, kiçikliyindən və ərazisindən asılıdır. Həmçinin orada təbliğat qrupları fəaliyyət göstərir. Hansı ki, bu təbliğat qruplarına da rayonun tanınmış ziyalıları, hörmətli insanları daxildirlər.
Biz təbliğat-təşviqat kampaniyasını üç istiqamətdə qurmuşuq. Birincisi, biz rayonlarda böyük mitinqlər keçiririk. Həmin mitinqlərdə bizim millət vəkillərimiz, təbliğat qrupuna daxil olan insanlarımız, ziyalılarımız, incəsənət, mədəniyyət xadimləri, hamısı iştirak edirlər. Onlar bizim proqramımızı, cənab Prezident İlham Əliyevin platformasını ictimaiyyətə, seçicilərə çatdırırlar. İkincisi, çalışırıq bu işlər iri yaşayış məntəqələrini əhatə etsin. Yerli təbliğat qrupları isə kiçik kəndlərdə, hətta ən ucqar dağ kəndlərində bu görüşləri keçirirlər. Martın 28-nə kimi biz 15 böyük mitinq keçirmişik. Bakı şəhərində 70-dən artıq tədbir keçirilib. Kənd rayonlarında isə 584 görüş keçirilib. Ümumilikdə 558 000 min nəfərlə görüş keçirilib. Təbii ki, indi aktivlik bir qədər də genişlənib. Biz çalışacayıq ki, bu görüşlərlə, onlara o mesajların çatdırılması ilə seçicilərin heç olmasa 50 faizdən çoxusunu əhatə edək. Bizə verilən məlumatlara görə digər namizədlər də onlar üçün ayrılmış rəsmi yerlərdə öz görüşlərini keçirirlər.
- Siyavuş müəllim, prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Siz necə düşünürsünüz debatlar zamanı bəzi namizədlərin təşviqatdan sui-istifadə hallarına yol verməsi nə dərəcədə düzgündür?
- Ümumiyyətlə, Seçki Məcəlləsinə uyğun olaraq belə bir məsələ var ki, milli, dini ayrı-seçkiliyə, dövlət əleyhinə və s. olan çağırışlardan başqa, istənilən namizəd istənilən fikri söyləməyə azaddır. O baxımdan da istənilən namizəd bəziləri seçki platformasını seçicilərə çatdırır, bəziləri müəyyən fikirlər söyləyir, bəziləri də qeyri-obyektiv fikirlər söyləyir. Yəni, bu, onun artıq hüququdur. Ona heç kəs bu sahədə qadağa qoya bilməz.
- Müxalif qurumlardan seçkiləri boykot edənlər oldu. Bunun seçkilərə ciddi təsiri olacaqmı?
- Onların boykot qərarının seçkilərə heç bir təsiri yoxdur. Azərbaycan hakimiyyətinin mənbəyi xalqdır. Azərbaycan Respublikasının Konstitusiyasında bu birbaşa göstərilib. Kimin iştirak edib-etməməsi seçkinin demokratikliyinə, kütləviliyinə, azadlığına heç bir təsir göstərə bilməz. Burada hamı üçün bərabər şərait yaradılıb. Kim istəyir gəlib iştirak etsin. İndi iki partiya iştirak etmir bu o demək deyil ki, seçki boykot olunmalıdır. Onlarla partiya seçki prosesinə qatılıb və iştirak edir. Yəni azlıq çoxluğa tabedir, çoxlu azlığa yox.
- Növbəti prezident seçkiləri ölkəmizlə bərabər, region üçün nə dərəcədə əhəmiyyətlidir?
- Aprelin 11-də keçiriləcək prezident seçkiləri region üçün çox böyük əhəmiyyətə malikdir. Bildiyiniz kimi Azərbaycan regionun ən aparıcı dövlətlərindən biridir. Ölkəmiz şərqlə qərbin birləşdirici bir nöqtəsidir. Azərbaycanda istər Avropa İttifaqının, istərsə də ayrı-ayrı ölkələrin bir çox qlobal layihələri həyata keçirilir. Azərbaycan çox cəsarətlə bu addımları atır. Təkcə elə ötən gün İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri və imzalanan müqavilələr gələcəkdə Asiya ilə Avropanın tam birləşməsinə və burada geniş bir nəqliyyat dəhlizinin yaradılması üçün Hind okeanından Avropanın mərkəzinə qədər layihələrin reallaşması sayılır. O baxımdan da Azərbaycan burada mühüm rol oynayır. Tək Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun işə düşməsi bir çox ölkələrin – Çin, Orta Asiya, Avropa dövlətlərinin bir-birinə yaxınlaşmasına və ticarət dövriyyəsinə böyük təkan verdi. Rəşt-Astara dəmiryolunun da fəaliyyətə başlaması və İranın buradan gəlib BTQ-yə qoşulması ilə əlaqədar demək olar ki, bir neçə qitənin birləşməsinə gətirib çıxaracaq. Burada həm turizm, nəqliyyat daşınmaları, ticarət, həm də sərnişin daşınmaları var. Bu, hərtərəfli şəkildə infrastrukturun formalaşmasına xidmət edəcək. O cümlədən də Azərbaycanın qlobal layihələrinin təkcə elə “Əsrin Müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması bu inkişafın bariz göstəricidir. Təbii ki, bütün bu məsələlərin hamısı Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında yaranıb. Bu gün də Ümummilli Liderin bu ideyalarının daşıyıcısı, aprıcısı, həyata keçiricisi Azərbaycan Prezidenti İlham Əliyevdir. Ona görə də cənab İlham Əliyevin yenidən prezident seçilməsi bu layihələrin davamlılığının, möhkəmliyinin, Azərbaycanda olan ictimai-siyasi sabitliyin, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının tam qarantı olacaq.
- Beynəlxalq təşkilatların seçkilərə marağı hansı səviyyədədir?
- Heç şübhəsiz ki, beynəlxalq təşkilatların maraqlı olanları və olmayanları da var. Yəni biz onlarla görüşəndə də yalnız bir sözü demişik ki, biz sizdən obyektiv rəy gözləyirik. Əgər haradasa nöqsan varsa onu deyin və biz onu aradan qaldıraq. Eləcə də haradasa həqiqət varsa, o həqiqəti də elan edin. Yəni maraq çərçivəsində deyil, müşahidə apardığınız işin nəticəsini öz hesabatlarınızda dərc edin. Həmçinin hansısa dövlətin, beynəlxalq təşkilatın, lobbinin təhriki ilə deyil, özünüzün apardığınız və qanuna, beynəlxalq hüquqa əsaslanan rəyi ortaya qoyun. Əks təqdirdə kiminsə marağı varsa və o marağı həyata keçirmək üçün bu proseslərdən istifadə edirsə onunla Azərbaycan xalqını aldada bilməyəcək. Bir sözlə, “elin gözü tərəzidir”.
-Son olaraq, Milli Şura martın 31-də növbəti mitinq keçirməyi planlaşdırır. Bu mitinqin təşkili başlıca olaraq nəyə hesablanıb?
- Ümumiyyətlə, bu cür mitinqlərin keçirilməsi Azərbaycanda ancaq pozuculuq fəaliyyətinin göstəricisidir. Niyə? Birincisi, kifayət qədər yerlər ayrılmışdı. Əgər mitinq keçirmək və yaxud da hansısa tədbir keçirmək iqtidarına malik idinsə, o zaman seçkidə iştirak edərdin. Bütün regionlarda, rayonlarda görüşlər keçirərdin və insanlara öz fikirlərini, rəylərini çatdırardın. Amma ayda bir dəfə iki min və yaxud iki min beş yüz adam toplamaqla hər hansı bir mitinq keçirməyin heç bir əhəmiyyəti yoxdur. Yəni bu addımlar sırf müəyyən dairələrin təhriki ilə və onlardan ayrılan maliyyə yardımının nəticəsi olaraq atılır. Özünüz də görürsünüz ki, paralel olaraq Avropada yalandan mühacir adı almış adamlar o tərəfdən, erməni lobbisi digər tərəfdən təzyiqlər edirlər. Bu eyni mərkəzdən idarə olunan qüvvələrdir. Bu mitinqə toplaşanlar nə əqidəyə, siyasi baxışa, nə də demokratiyaya və digər amillərə görə yığışmayıblar. Onların mitinqində bir tərəfdə islamçı dayanır, bir tərəfdə guya Avropaya inteqrasiya etmək istəyən şəxslər, digər tərəfində isə bu və ya digər şəkildə cinayət törətmiş şəxslərin valideyinləri durur və s. Bura o qədər qarışıq bir kontingentdir ki, müəyyən etmək olmur ki, kim burada nə istəyir və tələb nədən ibarətdir. Yəni bu cür insanların hesabına say artırmağa çalışmaq və yaxud da hansısa bir təsir, təzyiq göstərmək mənasızdır. Bu insanların sosial bazası, elektorarı olmadığına görə onlar seçkidən yayındılar və qaçdılar. Çünki orada imza toplamaq, görüşlər keçirmək, təbliğat kampaniyasını aparmaq və proqram yazıb masaya qoymaq lazım idi ki, mən nə etmək istəyirəm. İndiyədək onların bir səhifə yazılı şəkildə proqramı yoxdur. Elə iyirmi ildir söylədiklərini yenə təkrarlamaqla məşğuldurlar. Ancaq “Azadlıq” şüarı ilə çıxış edirlər. Bəyəm biz azad deyilik? Bu gün Azərbaycanda olan azadlıq heç bir ölkədə yoxdur. Bu gün Azərbaycan qədər müstəqil siyasət yürüdən (daxili və xarici) heç Avropa İttifaqına daxil olan ölkələr yürütmür. Eləcə də bu gün Azərbaycan xalqının maraqları qədər heç bir ölkə öz xalqının maraqlarını müdafiə edə bilmir. Azərbaycan Prezidenti gecə və gündüz bu xalqın maraqlarını müdafiə edir. Bəs bundan artıq nə istəyirsən? Bu gün Azərbaycanda yaradılan təhlükəsizlik sistemi, ictimai-siyasi sabitlik və s. bütün bunlar hamısı ölkəmizin gücüdür. Azərbaycanda xalqla dövlətin və iqtidarın bir yerdə olmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB