Bakıda "Gənclər ekoloji inkişaf uğrunda" Beynəlxalq Elmi-Praktiki konfransı keçiriləcək

Bakıda "Gənclər ekoloji inkişaf uğrunda" Beynəlxalq Elmi-Praktiki konfransı keçiriləcək

Məqsədi gənc alim, ekspert, mütəxəssis, iş adamları, ictimai təşkilatlar və KİV nümayəndələrini yalnız təbiətin qorunması məsələlərində deyil, həmçinin yeni əsrin ekoloji xüsusiyyətlərini nəzərə ala bilən yeni innovativ iqtisadiyyatın və elmin quruluşunda da iştirakını stimullaşdırmaq, iqtisadi, sosial maraqları nəzərə almaqla davamlı inkişaf və sağlam ətraf mühit uğrunda tədbirlərin həyata keçirilməsinə həvəsləndirməkdən ibarət olan "Gənclər ekoloji inkişaf uğrunda" şüarı altında Beynəlxalq Elmi-Praktiki konfrans 11-12 noyabr 2010-cu il tarixində Azərbaycanda keçiriləcək.

SİA-nın məlumatına görə, Ekologiya İli çərçivəsində qeyd edilən konfrans, eyni zamanda 2010-cu ilin BMT tərəfindən Beynəlxalq Gənclər İli kimi elan edilməsi, bununla yanaşı MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şurasının 2010-cu il üçün nəzərdə tutulmuş İş Planına müvafiq olaraq, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyasının və BMT-nin Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə həyata keçirilir.

Konfransda ABŞ, Almaniya, Avstriya, İsveçrə, Kazaxstan, Pakistan, Rusia, Tacikistan, Türkiyyə və başqa xarici ölkələrdən olan gənc alimlər, tədqiqatçılar, istehsal şirkətlərinin tədqiqatçı-mütəxəssisləri, müvafiq ixtisaslar üzrə magistr və ali məktəb tələbələri, eləcə də ekologiya sahəsində işləyən QHT nümayəndələri iştirak edəcək. Konfransın işində UNİCEF-in İqlim üzrə Gənc Səfirləri də iştirak edəcəkdir. Ümumilikdə, konfransda 200-ə yaxın alim və gənclərin iştirakı gözlənilir.

2 gün davam edəcək konfransın proqramına plenar iclas, ekoloji hüquq və təhlükəsizlik; elmdə ekoloji innovasiyalar, ekoloji təhsil və maarifləndirmə, ekoloji təfəkkürün formalaşması, cəmiyyət seksiyalarında məruzə, müzakirələr, konfransın yekün qətnaməsinin qəbul olunması, alimlərin və ekspertlərin məktəblər, universitetlər çərçivəsində şagirdlər və tələbələr üçün mühazirələri daxildir.

Tədbirin xüsusi internet səhifəsi hazırlanıb www.ecoyouth.az. Yekunda Konfrans materiallarının xüsusi toplusunda dərc edilməsi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə