Səməd Seyidov: “Xalq artıq öz seçimini edib” AÇIQLAMA - SƏS TV

“Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının ilk toplantısı keçirildi. Artıq bayram ab-havası hökm sürür. Hər şey çox yüksək səviyyədə davam edir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı iki bayramı qeyd edir: “Bunlardan biri Novruz bayramıdır, digəri isə cənab İlham Əliyevi dəstəkləmək üçün bir arada olmalarıdır. Azərbaycan xalqı sözün əsl mənasında öz seçimini edib və Yeni Azərbaycan Partiyası Nərimanov rayonunda təşkil olunan izdihamlı görüş-mitinqdə də bunu bir daha təsdiqlədi”.

Komitə sədri seçki prosesinə kölgə salmağa çalışan anti-Azərbaycan qüvvələrə də iradını bildirib: “Azərbaycan xalqı müdrik bir xalqdır. Həmin qüvvələr nə qədər çalışsalar da xalqımızı çaşdırsınlar, bu, mümkün olan bir şey deyil. Ona görə ki, xalq öz seçimini edib və mövqeyini bildirib. Bu nöqteyi-nəzərdən hər hansı bir Azərbaycana qarşı işləyən qüvvənin heç bir şansı ola bilməz”.

Qeyd edək ki, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə