Edvard Nalbandyan: “Xarici işlər nazirlərinə sülh razılaşması üçün təlimat verilib”

Edvard Nalbandyan: “Xarici işlər nazirlərinə sülh razılaşması üçün təlimat verilib”

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan oktyabrın 27-də Rusiyanın Həştərxan şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşünun nəticələrinə münasibətini bildirib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, o, qeyd edib ki, Dağlıq Qarabağ problemi ilə bağlı keçirilən üçtərəfli görüşdə liderlər əlavə addımlara gərək olduğunu dilə gətirib.

 

Ermənistan xarici siyasət idarəsinin başçısı görüşdə 2 Noyabr 2008-ci ildə Moskvada qəbul olunan deklorasiyanın maddələrinin təsdiq edildiyini vurğulayıb: "Görüşdə probleminin diplomatik həllində əlavə addımlara ehtiyac olduğu dilə gətirilib. Liderlər həmçinin müharibə əsirlərinin və müharibə zamanı həyatını itirənlərin cəsədlərinin mübadiləsi ilə bağlı razılığa gəlib. Dövlət başçıları xarici işlər nazirlərinə müzakirələri davam etdirmələri və dekabr ayının əvvəlində Astanada keçiriləcək ATƏT zirvəsinə qədər sülh razılaşmasının müddəalarını hazırlamaqla bağlı təlimat verib".

 

Xəbərdə Azərbaycan prezidenti İlham Əliyevin münaqişənin həlli ilə bağlı fikirləri də verilib: "Azərbaycan prezidenti verdiyi açıqlamasında Dağlıq Qarabağ danışıqlarının çətin bir mərhələdə olduğunu ifadə edib. O, vurğulayıb ki, son 5-6 ildəki müzakirələrdə həllin ana xəttləri hazırlanıb və ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən qarşıdurma tərəflərinə təqdim edilib. Bu təkliflər Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində münaqişənin həllini təmin edə bilər. Biz Qarabağ üçün Azərbaycan xaricindəki heç bir statusu qəbul etməyəcəyimizi daha əvvələr də açıqladıq".

Bütün xəbərlər Facebook səhifəmizdə