“Siyasi münasibətlərdə qeyri-etik davranışları yolverməz hesab edirik"
“Biz siyasi mədəniyyətin aşağı salınmasını, siyasi münasibətlərdə qeyri-etik davranışları yolverməz hesab edirik”. Bunu SİA-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, təhqirdən ibarət söz acizlik əlamətidir: “Fikri ciddi və politoloji anlayışlarla ifadə eləmək daha çox effektlidir. Çünki, beynəlxalq ictimaiyyət sən bir adamı təhqir edərsənsə heç nə anlaya bilməz. Amma tutaq ki, bir siyasi anlayışla aparılan siyasətə qiymət verərsənsə, dərhal bütün dünya başa düşər ki, söhbət nədən gedir. Çox təəssüf ki, siyasi olmayan bəzi adamlar siyasətə qoşulublar. Xüsusən xaricdə yaşayan mühacirləri nəzərdə tuturam. Onların bir çoxu Azərbaycanda fəal siyasi mübarizə prosesində olmayıblar. Baxın, siyasi mühacirlər də var, qeyri-siyasi mühacirlər də, yəni siyasətdə fəaliyyətdə olmayanlar. Onlar tamamilə fərqli, təhqir və küçə səviyyəsində mübarizə aparırlar. Amma kimlər ki, siyasi proseslərdən keçib, məsələn, Müsavatda, ADP-də, AXCP-də olub bunların ritorikasında bu cür qeyri-siyasi, etik normaları pozan nüanslar yoxdur. Ümumiyyətlə, təhqir, təkcə siyasi münasibətlər deyil, şəxsi münasibətlərdə də yol verilməzdir. Şərəf və ləyaqətin qorunması beynəlxalq hüquq normasidir, ölkə konstitusiyası ilə müdafiə olunur. Bu cinayətkara da aiddir şərəf və ləyaqətin qorunması. Əgər kimsə günahkardır və onu söymək olarsa onda, hakim məhkəmədə cinayətkarların anasını, bacısını söyər və təhqir edər”.
S.Cəlaloğlu Vidadi İsgəndərliyə xitabən bildirib ki, təhqirin, şərəf və ləyaqətin insanın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur: “Ən ağır caninin belə konstitusiya ilə müdafiə olunan hüquqları var. O hüquqlara daxildir, şəxsiyyətin toxunulmazlığı, şərəf və ləyaqətin qorunması və sairə. İndi, sən özün demokrat deyilsən, mən demokratam deyirsən, həm də qarşındakının şərəf və ləyaqətini alçaldırsan. Sən özün əgər beynəlxalq hüquq normasına zidd fəaliyyət göstərirsənə, heç vaxt deyə bilmərsən ki, mən hüquqlar uğrunda mübarizə aparıram. Birinci hüququ elə sən özün pozursan. Bu baxımdan bəzi şeyləri qarışdırırlar bizim dostlarımız. Mən özüm elə kütləvi informasiya vasitələrində demişəm ki, bu hüquq insanın fəaliyyəti ilə bağlı deyil. Bu korrupsioner də ola bilər, cinayətkar da ola bilər, adam öldürən də ola bilər, lap vətən xaini də ola bilər, amma onun qanunla şərəf və ləyaqəti qorunmalıdır. Hətta, Cinayət Prosesual Məcəlləsində belə bir maddə var ki, qeyri-prosesual qaydada əldə edilən sübutlar sübut kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Digər tərəfdən, bu mübarizə təkcə iki adam arasında deyil ki, bütün Azərbaycan xalqı bu və ya başqa şəkildə bu siyasi mübarizəni izləyir. Bir də baxırsan ki, bizim analarımız bacılarımız, həyat yoldaşlarımız da bu sosial şəbəkədə informasiya almaq istəyirlər və bu zaman da bu cür qeyri-etik, qeyri-senzur sözlərlə, fikirlərlə rastlaşanda bu düzgün olmur. Hər kəs fikirləşməlidir ki, onun yazdığı, dediyi sözü anası, atası, qardaşı, bacısı da eşidə bilər, yaxud oxuya bilər. Mən qadağan eləmişəm ailə üzvlərimə o cür şeylərə girməyə, çünki, o qədər ləyaqətsiz və aşağı səviyyəlidir. Adını da qoyurlar mübarizə. Birinin anasını, bacısını, arvadını, ağzını, üzünü söymək nə vaxtdan siyasi mübarizə üsulu olub? Mən bunu həm mənəvi terror adlandırıram, həm də siyasi xuliqanlıq. Başqa ad vermək mümkün deyil. Bu siyasi xuliqanlıqdır və əks tərəf də buna görə istənilən hərəkəti eləyir və Azərbaycanda da bir biabırçılıq olur. Bunun, bu cür siyasi xuliqanlığın kökünü birdəfəlik Azərbaycandan yığışdırmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB