® Gövhər Baxşəliyeva: “Xalqı daha aldatmaq mümkün deyil, hər kəs yaxşını və pisi bir-birindən ayıra bilir” - FOTOSESSİYA

® Gövhər Baxşəliyeva: “Xalqı daha aldatmaq mümkün deyil, hər kəs yaxşını və pisi bir-birindən ayıra bilir” - FOTOSESSİYA

"Seçkiqabağı kampaniya normal şəkildə keçir, demokratik mühit mövcuddur". SİA-ya açıqlamasında bu sözləri 94 Saylı Bərdə kənd seçki dairəsində deputatlığa namizədliyi qeydə alınan millət vəkili Gövhər Baxşəliyeva təbliğat-təşviqat kampaniyası ilə bağlı səslənən birmənalı olmayan fikirlərə münasibət bildirərkən deyib.

 

İstədikləri namizədlərə səs vermək üçün insanlara hər cür şəraitin yaradıldığını deyən millət vəkili seçicilərlə keçirdiyi görüşlərdə də demokratik ab-havanın şahidi olduğunu bildirib. Təbliğat-təşviqat kampaniyasında iqtidar və müxalifət namizədlərinə bərabər imkanların yaradılmaması ilə bağlı fikirləri qəbul etmədiyini deyən G.Baxşəliyeva namizədliyini verdiyi seçki dairəsində də belə bir halı müşahidə etmədiyini dilə gətirib: "Müşahidə etdiyim odur ki, bütün namizədlərə bərabər imkanlar yaradılıb. Namizədlər istədikləri halda kənd-kənd gəzir və seçicilərlə görüşlərini keçirir. Kənd seçki dairələrinin bir xüsusiyyəti var ki, əhali sahələrdə işləyirlər. İnsanları görüşlərə toplamaq bir qədər çətindir. İstənilən halda əvvəlcədən élan olunursa və namizədi tanıyırlarsa, onu istəyirlərsə gəlib görüşdə iştirak edirlər. Bu baxımdan görüşlərimdə seçiciləri toplamaqla bağlı çətinlik olmayıb".

 

Millət vəkili hesab edir ki, müxalifət namizədlərinin bəziləri məğlubiyyətlərini əvvəlcədən hiss etdiklərindən seçkiqabağı kampaniyanın demokratik şəkildə keçirilməməsi ilə bağlı fikirlər səsləndirirlər: "Qələbə şansları daha az olan insanlar əvvəlcədən belə bir rəy yaradırlar. Digər tərəfdən isə kimin hansı formada rəy yaratmaq cəhdi də həlledici olmayacaq. Xalq daha çox tanınan, müəyyən işlər görmüş şəxslərə üstünlük verəcək. İndiyədək cəmiyyətdə tanınmayan, seçici üçün bir iş görməyən, yalnız boş vədlər verənlərə təbii ki, heç kim səs verməyəcək. Xalqı daha aldatmaq mümkün deyil. Xalq özü yaxşını pisdən ayırmağı bacarır".

 

İctimai Televiziyada deputatlığa namizədlər üçün təşkil olunan ödənişsiz dəyirmi masaların heç də hamısına baxmadığını deyən G.Baxşəliyeva ümumilikdə dəyirmi masaların normal keçdiyi qənaətindədir: "Debatlarda hər kəs öz fikrini çatdırmağa çalışır. Onların bəzilərinə baxıram. Hesab edirəm ki, yaxşı debatlardır".

Bütün xəbərlər Facebook səhifəmizdə