Seymur Orucov: “Gənclər üçün maarifləndirici tədbirlər həyata keçirilib” AÇIQLAMA

"Yeni Azərbaycan Partiyası Gənclər Birliyi say tərkibinə, üzvlərinin sayına, keyfiyyətinə görə, Azərbaycanda ən böyük siyasi təşkilatdır, birliydir. Bunun üçün də bizim fəaliyyətimizi tək paytaxtda deyil, bütün Azərbaycanın ərazisində, regionlarda da aktiv şəkildə həyata keçiririk. İlk növbədə YAP GB-nın üzvləri, təşkilatlarımız hansı rayonda, şəhərdə yaşayırlarsa oranın ictimai-siyasi həyatında aktiv iştirak edirlər". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucovun deyib.

Onun sözlərinə görə, tədbirlərin təşkilatçılığında, könüllülük məsələlərində gənclər xüsusi fəallıq nümayiş etdirirlər: "Bundan əlavə həyata keçirdiyimiz layihələri, tədbirləri hər zaman ictimaiyyətlə əlaqələndiririk və onlara açıqlamalar veririk. Məsələn, biz bir çox tanınmış insanlarla partiya gənclərinin görüşlərini mütəmadi olaraq təşkil edirik. Bu yaxınlarda bildiyiniz kimi YAP GB-nın hesabat tədbiri keçirildi. 2017-ci ildə "Cocuq Mərcanlıdan Şuşaya" adlı layihəyə start verdik və Cocuq Mərcanlıda gənclərin əsgərlərlə görüşləri keçirildi. Gənclərimiz orada abadlıq işlərində, ağacəkmə kampaniyalarında fəallıq nümayiş etdirdilər. Bundan sonra gənclər üçün maarifləndirici tədbirlər həyata keçirilib. Həmçinin Xocalı soyqırımında ədalətin tanınması ilə bağlı Avropa Parlamentinə, Avropa Birliyinə, oranın bir çox komissarlarına e-maillər göndərmişik.

Biz artıq bunu bir ənənə halına çevirmişik ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatmış olduğu "Xocalıya ədalət!" beynəlxalq kampaniyasında gənclərimiz aktiv iştirak edib bu işlərə dəstək olsunlar. Bildiyiniz kimi Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarında gənclərimiz könüllü olaraq iştirak etmişdilər. Həmçinin "İslam Həmrəyliyi İli" ilə bağlı paytaxt və regionlarda bir çox silsilə tədbirlər həyata keçirmişdik. Ötən il Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi oldu. Bununla bağlı gənclərlə regional toplantılar və görüşlər olmuşdu".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə