Müsavatın AXCP -“Milli Şura” cütlüyünə dəstəyi qeyri-səmimidir TƏRS BAXIŞ

Müsavatın AXCP -“Milli Şura” cütlüyünə dəstəyi qeyri-səmimidir TƏRS BAXIŞ

“Milli Şura”nın sədri Cəmil Həsənlinin sosial şəbəkə vasitəsi ilə radikal düşərgənin adıçəkilən qurumda təmsil olunmayan partiyaları və s. təşkilatlarla birgə mitinqlərin keçiriləcəyi barədə verdiyi anons ilk günlərdən inandırıcı təsir bağışlamadı. Misal üçün, REAL hərəkatı ilə anlaşmanın olduğu bildirilsə də, adıçəkilən müxalif hərəkatın səlahiyyətliləri bunu inkar edir, sadəcə, düşünəcəklərini deyirlər. Çünki C.Həsənlinin bu barədə fikir bildirməsindən öncə, ənənəvi düşərgədə birgə mitinq taktikası müzakirə olunduğu vaxtlarda, REAL təmsilçisi Natiq Cəfərli “Milli Şura”nın mitinqlərində iştirak etməyəcəklərini, hətta iştirak etməyin “ağılsızlıq” olduğunu dilə gətirmişdi. Məhz bundan sonra hərəkat aksiyalara qoşulmaq qərarını verərsə, bu zaman N.Cəfərli necə deyərlər, “tüpürdüyünü yalamış” olar, həmçinin, dolayısı ilə “ağılsız” oldqlarını sərgiləyər. Bu baxımdan, REAL hərəkatının “Milli Şura”nın mitinqlərinə qatılacağı elə də inandırıcı təsir bağışlamır.

Uzun illər davam edən ziddiyyətlər

Digər tərəfdən, ortada Müsavat amili də dayanıb. Hələ AXC-Müsavat iqtidarı dönəmindən, daha doğrusu, hakimiyyətdə olduqları vaxtdan yola getməyən bu siyasi qurumlar arasında münasibətlər isti olmayıb. Xüsusilə, Elçibəyin AXC lideri olaraq iqtidarda olduğu bir zamanda hakimiyyət daxilində ikinci hakimiyyət quran İsa Qəmbərin Müsavat partiyasını yaratması zamanından, münaqişələrə start verilmişdi. Həmin münaqişələr sonrakı illərdə - AXC AXCP-yə çevriləndən və Müsavatla birgə müxalifət cinahına keçdiyi vaxtlardan da davam etdi. Məhz bu kimi olayların sayı onlarladır və partiyalararası ziddiyyətlər hazırkı dövrlərə qədər davam etməkdədir. Bu baxımdan, Müsavatın AXCP sədri Əli Kərimlinin nəzarətində olan “Milli Şura”nın mitinqlərinə qatılması qeyri-səmimi təsir bağışlayır.

İddia: “REAL Müsavat-AXCP birliyinə heç zaman qoşulmaz”

Bu arada, ADP sədri Sərdar Cəlaloğlu müxalifətyönlü mətbuata verdiyi müsahibəsində bu məsələyə toxunaraq deyib ki, Müsavat və AXCP arasındakı ittifaqın uzunömürlü olması mümkün deyil. “Bunların arasında 25-30 ildir daxili ziddiyyətlər var” - deyə qeyd edən ADP sədri REAL-ın da aksiyalara qoşulacağına inanmadığını bildirib və iddia edib ki, “REAL Müsavat-AXCP birliyinə heç zaman qoşulmaz”. Partiya sədri bunu hər üç siyasi qurumun baxışlarının üst-üstə düşməməsi ilə əlaqələndirib. Hətta xatırladıb ki, baxmayaraq, İlqar Məmmədov həbsdədir, amma REAL seçkiləri boykot etməyib. AXCP isə boykot qərarı verib. Bu xüsusda həm də belə qənaətə gəlmək mümkündür ki, “Milli Şura”nın hay-küylə birgə mitinq anonsları etməsi radikalların növbəti dəfə arxı hoppanmamış bərəkallah demək məsələsini xatırlatmış olur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə