Prezident İlham Əliyev Türkiyənin prezidentinə və baş nazirinə təbrik məktubu göndərib
Prezident İlham Əliyev Respublika günü münasibəti ilə bütün Türkiyə xalqı, prezident Abdulla Gülü və baş nazir Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
Dövlət başçısı türkiyəli həmkarı və baş nazirə təbrik məktubu ünvanlayıb. SİA-nın məlumatına görə, məktubda deyilir: "Hörmətli prezident, əziz qardaşım, dost və qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə sizi və sizin simanızda bütün türk xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Türkiyə hərtərəfli inkişaf yolu tutaraq dünya miqyasında böyük nüfuza malik qüdrətli bir dövlətə çevrilib. Biz Türkiyənin uğurlarına, yüksəlişinə sevinir, bundan hədsiz qürur duyuruq.
Gücünü tarixi birliyimizdən və ortaq mənəvi dəyərlərimizdən alan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dövlətlərarası münasibətlərimizin məzmununda və ruhunda bilavasitə öz təcəssümünü tapıb. Xalqlarımızın yekdil iradəsi ilə bu münasibətlər sarsılmaz strateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə yüksəlib. Əminəm ki, ulu əcdadlarımızdan miras qalmış dostluq və qardaşlıq duyğularımız xalqlarımızın xoş və firavan yaşayışı, ölkələrimizin daim çiçəklənməsi naminə birgə səylərimizə daim təkan verəcək. Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş türk xalqına sülh və rifah arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB