Dirijor çubuğu gah İsa Qəmbərin, gah da Əli Kərimlinin əlində olur
Birmənalı tərzdə demək olar ki, prezident seçkiləri ilə bağlı müxalifətin fəaliyyətinin hiss olunmaması düşərgədaxili qarşılıqlı çəkişmələrlə bağlıdır. Demək olar ki, müxalifət təmsilçiləri çox gözəl bilirlər ki, onların keçiriləcək prezident seçkilərində nə isə bir uğur qazanmaları qeyri-mümkündür. Elə, bu səbəbdən də, çıxış yolunu seçkiləri boykot etməkdə görüblər. Artıq çoxdan bu qüvvələr cəmiyyətin gözündən düşüb. Səbəbi də müxalifət təmsilçilərinin yersiz hərəkətlərə əl atmaları və xarici maraqlı dairələrin sifarişləri əsasında fəaliyyətlərini qurmalarıdır.
Ələkdə heç nə qalmadı
Həqiqət budur ki, hər seçkidən-seçkiyə müxalifətin irəli sürdüyü namizədlərin sayı azalır. Əvvəlki seçkilərə nəzər salsaq, görərik ki, müxalifət namizədlərinin sayı indikindən fərqli olub. Yəni seçkiyə 6-7 namizədlə qatılırdılarsa, bu gün artıq onaların sayı 1-2 nəfərə enib. Bunun da başlıca səbəbi sosial dayaqlarını itirmələridir. Yəni cəmiyyət dağıdıcı qüvvələrə qətiyyən öz taleyini etibar etmir və cəmiyyət onlara inanmır. Müxalifət daha çox dağıdıcı mövqe tutub, ölkədəki sosial vəziyyəti gərginləşdirmək istəyir. Onların bu çirkin niyyətlərini xalq da görür. Ancaq onlara inamsızlığın başqa səbəbi də var. Bu gün cəbhəçilərin və müsavatçıların bir-birinə olan nifrətləri digər rəqibləri ilə müqayisədə daha dərindir. Bunun səbəbi partiyaların başında duranlardır. Çünki hər bir sədr öz ağlına uyğun şəxsləri ətrafına yığır. Yəni sədrlərin yanında daha çox "otur Fatı, dur Fatı" funksiyasını yerinə yetirən, anormal çağırışlarını və əhəmiyyətsiz təkliflərini ləbbeyklə qarşılayanlar cəmləşib. Müxalif düşərgədə təmsil olunan partiya təmsilçiləri biri-birinə qarşı mehriban düşmən münasibəti bəsləyirlər. Yəni ki, bu gün biri digərinə yaxşı olsa da, sabah ən qatı düşmənə çevrilir. Səbəb yenə də bəllidir. Partiya rəhbərlərinin şəxsi ambisiyaları və biri-birini qəbul etməməsi ciddi ziddiyətlərin yaranmasına gətirib çıxarır. Təbii ki, birlik olmayan yerdə inamdan və irəliləyişdən söhbət gedə bilməz. Belə olan halda, müxalifət günü-gündən daha da zəifləyir. Vaxtilə "ana müxalifət" olmaları ilə öyünənlər indi prezident seçkilərinə namizəd tapa bilmirlər. Bu hal müxalifətin getdikcə daha sürətlə siyasi səhnədən silinməsinə rəvac verir. Bu seçkilərdən sonra da müxalif cəbhədə yeni istefalar və qopmalar istisna edilmir.
Afət TAHİRQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB