Orduxan və ətrafı niyə debatlardan qaçırlar?

Orduxan və ətrafı niyə debatlardan qaçırlar?

"Şərəfsiz" sözünü təhqir hesab etməyən milli satqınların "arqumentləri" yoxdur, yaxud erməni ağaları onların debatlara çıxmalarına qadağa qoyub

Bir müddət əvvəl, sabiq millət vəkili, jurnalist Etibar Hüseynovun sosial şəbəkədə Avropada yaşayan milli satqınları canlı yayım vasitəsi ilə debata dəvət etməsi və qarşı tərəflərin üç nəfər olmasına rəğmən, onları demək olar ki, şah və mat etməsi sonradan ona qarşı hücumlarla və təhqirlərlə müşayiət olundu. Daha dəqiq desək, dövlətçilik maraqlarının əleyhinə çıxış edən Məhəmməd Mirzəli, Tural Sadıqlı və sairlər hərəsi bir bəhanə ilə sözügedən debatdan qaçdılar. Onların "lideri" Orduxan Teymurxan (Bəbirov) isə, ümumiyyətlə, həmin debatda iştirak etməmək üçün müxtəlif yalanlar uyduraraq, kənarda qalmağı üstün tutdu. Siyasəti söyüş makinasına çevirən bu rüsvayçı ünsürlər bütün bunlara baxmayaraq, hələ də özlərini "doğru", onları sosial şəbəkədə ittiham edənləri isə "qeyri-doğru" hesab edirlər. Ümumiyyətlə, onların zibil urnasını xatırladan "siyasətləri" bundan ötəyə keçmir. Üstəlik, növbəti debat çağırışları olanda, həmin üzləşmədən qorxub-qaçırlar. Görünür, onları idarə edən erməni lobbisi real cavablar qarşısında aciz qaldıqları üçün debatlara çıxmalarına qadağa qoyulub.

"Hər bir söyüşlərini onların ailə üzvlərinin ünvanına göndərirəm"

Bu barəda xatırlatmaq olar ki, ASDP sədri, millət vəkili Araz Əlizadə də milli satnıqları debata çağırıb. Partiya sədri O.Teymurxan və digər videoblogerlərlə birbaşa və yaxud canlı debata çıxmağa hazır olduğunu bildirib. O, qarşı tərəflərin debata çıxmaları üçün şərt irəli sürüb. "Amma bir şərtim var ki, debat canlı olmalıdır. Daha sonradan mənim fikirlərim kəsiləcək və yaxud ixtisar olunacaqsa, buna razı olmaram. Mən birbaşa yayım olan debatda istənilən şəxslə görüşməyə hazıram. Yetər ki, bu, canlı olsun!",-deyə Əlizadə bildirib.

O, həmçinin, qeyd edib ki, son günlər internet vasitəsilə özlərini "qəhrəman" hesab edən videoblogerlərin Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmaları insanlarda ikrah hissi doğurur: "Mən nə Orduxanı, nə də digərlərini tanımıram. Amma eşidirəm ki, onlar müəyyən şəxsləri təhqir etməyə çalışırlar. Bilirsiniz, mən köhnə bakılıyam. Biz bakılıların da bir adəti vardı. Cavan vaxtı küçədə futbol oynaya bilməyən uşaqları qapıçı qoyurdular. Qapıda dayanan həmin uşaqlar topu buraxan zaman deyirdik ki, yerə yıxıl, adın çıxsın. Digər tərəfdən isə, məhəllədə döyülən qorxaq uşaqlar küçənin o biri başına qaçıb söyüş söyürdülər. Hamı da onlara qorxaq kimi baxaraq, fikir vermirdi. İndi Avropada gizlənən bu "uşaqlar" da mənim haqqımda nə deyirsə, hər bir söyüşlərini onların ailə üzvlərinin ünvanına göndərirəm".

"Qaçıb xarici ölkədən söyüş söymək kişilikdən uzaq hərəkətdir"

Müxalifətçi partiya sədri, eyni zamanda, onu da bildirib ki, bu kimi satqınlar həm də mücərrəd və qorxaqdırlar. Belə ki, kişi olsaydılar, öz sözlərini Avropada küçələrindəki zibilxanalarda, tualetlərdə deyil, ölkələrində deyərdilər: "Ümumiyyətlə, bu adamlar mücərrəd və qorxaq insanlardır. Mən onlara necə cavab verim? Bir daha deyirəm ki, mən köhnə bakılyam. Bizdə adət budur ki, kişi sözünü kişinin üzünə deyər. Əgər onlar, türklər demişdən, erkək olsaydılar, sözü gəlib üzümə deyib, layiqli cavablarını alardılar. İş yerim və yaşadığım ünvan hamıya məlumdur. Əgər sözləri varsa, buyurub gəlsinlər, üzümə desinlər. Yoxsa ki, qaçıb xarici ölkədən söyüş söymək kişilikdən uzaq hərəkətdir".

Göründüyü kimi, reallıq da budur ki, onlar kişi kimi, mərdi-mərdanə mübarizə aparmaq gücündə olmamaqla yanaşı, ölkə ictimaiyyətinin müxtəlif kəsimləri tərəfindən ən sərt şəkildə tənqid olunur, hətta etdikləri söyüşləri onların özlərinə geri dönür. Çox yəqin ki, onlar söyülməkdən zövq alırlar, əks halda öz söydüklərini yeyib, həzmi-rabeələrindən keçirməzdilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə