Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi illik hesabatını açıqlayıb

Avropa Şurasının İşgəncələrə qarşı Komitəsi illik hesabatını açıqlayıb

Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin (İQK) hesabatı açıqlanıb. Avropa Şurasından Bakıdakı ofisindən SİA-ya verilən məlumatda bildirilib ki, hesabatda komitə milli hökumətləri elektrik atəş silahından (EAS) istifadənin ciddi tənzimlənməsinə çağırıb: "Bu gün dərc olunmuş illik hesabatında, İşgəncələrə qarşı Komitə milli hökumətlərin hüquq-mühafizə orqanları əməkdaşlarını təhlükəli hallarda daha qəti cavab vermək imkanı vasitələri ilə təmin etmək istəyini anladığını bildirib. Komitə elektrik atəş silahının bəzi hallarda odlu silahlarla müqayisədə daha az qüvvəyə malik olmasını və bununla da odlu silahdan istifadə edilməməsi imkanını etiraf edir. Lakin, o bu silahların kəskin ağrılara səbəb olduğunu və sui-istifadə üçün imkanların yaradıımasını vurğulayır".

 

Komitənin prezidenti Mauro Palma qeyd edib ki, polis və digər hüquq-mühafizə orqanları əməkdaşlarının elektrik atəş silahı ilə təchiz olunması getdikcə adi hala çevrilir və həbs zamanı bu silahlardan daha çox istifadə olunur. O, hakimiyyət orqanlarının həmin silahların istifadəsinin ciddi tənzimlənməsi və zəruri hallarda istifadəsini təmin etməli olduqlarını bildirib.

 

Komitənin hesabatında qeyd olunub ki, EAS-dan istifadə insan həyatı üçün real və bilavasitə təhlükə törədəcəyi və ya ciddi zədə riski olan hallarda məhdudlaşdırılmalıdır. Belə ki, onların yalnız qaydalara riayət olunmasının təmini məqsədilə istifadəsi yolverilməzdir. Bundan əlavə, onların istifadəsinə yalnız danışıqların, razısalmanın və ya fiziki qüvvədən istifadə kimi daha məhdud məcburiyyət metodlarının kifayət olmadığı, eyni zamanda praktiki məna daşımadıqları, daha böyük ölüm və zədə riski təşkil edən digər metodlar üçün yeganə alternativ olduğu hallarında icazə verilməlidir.

 

Komitə, həmçinin elektrik atəş silahından istifadə edə biləcək məmurların adekvat təlim keçmələrinin vacibliyini vurğulayıb. Qurumun elektrik atəş silahının həbsxanalarda və bağlı psixiatrik müəssisələrdə istifadəsi ilə bağlı ciddi qeydlərinin olduğu bildiriliib: "Yalnız girov götürmə kimi müstəsna hallar onların bu müəssisələrdə istifadəsini doğrulda bilər".

 

Qeyd edək ki, hesabat 2009-cu ilin avqust ayından 2010-cu ilin iyul ayına kimi olan dövrü əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə