Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfərinin proqramı məlum olub

Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfərinin proqramı məlum olub

Oktyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək. SİA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, rəsmi səfər sabah səhər saatlarında başlayacaq. Belə ki, prezident İlham Əliyevin Ukrayna prezidenti Viktor Yanukoviçlə birlikdə Şöhrət Meydanında Naməlum Əsgərin məzarına əklil qoyduqdan sonra Ukraynada Qolodomor qurbanlarının xatirəsini yad edəcəklər.

 

Səfər proqramına görə, İlham Əliyevin rəsmi qarşılanma mərasimi Prezident Administrasiyasının önündə baş tutacaq. Qarşılanma mərasimindən sonra prezidentlər təkbətək görüş keçirəcək, daha sonra isə Azərbaycan-Ukrayna Prezidentlər Şurasının 2-ci iclası olacaq.

 

İclasdan sonra iki ölkə arasında müxtəlif sahədə əməkdaşlığa dair bir sıra dövlətlərarası sənədlərin imzalanması nəzərdə tutulur. Mərasimdən sonra prezidentlər KİV nümayəndələri üçün mətbuat konfransı keçirəcəklər.

 

Qeyd edək ki, bu gün prezident İlham Əliyev Həştarxana səfərə gedəcək, orada Rusiya və Ermənistan prezidentləri ilə görüşü keçiriləcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə balı müzakirələrin aparılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə