Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilib. SİA-nın verdiyi məlumata görə, seminar-müşavirəni MSK-nın sədri Məzahir Pənahov açıb.
Bildirib ki, bugünkü seminar-müşavirə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı təşkil edilib.
Məzahir Pənahov qeyd edib ki, Azərbaycanda mövcud olan sabitlik şəffaf və demokratik seçkilərin keçirilməsi üçün münbit şərait yaradır: “İndiyə qədər keçirilən seçkilər göstərir ki, ölkəmizdə dairə seçki komissiyalarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Biz çalışmalıyıq ki, Azərbaycanda keçirilən seçkilər həm ölkədə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilsin”.
Sonra çıxış edən Azərbaycan Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev deyib ki, Prezident İlham Əliyev seçkilərin şəffaf keçirilməsi üçün icra hakimiyyəti orqanları qarşısında ciddi vəzifələr qoyub: “Biz həmişə çalışırıq ki, seçkiləri yüksək səviyyədə keçirək. Azərbaycan Prezidentinin siyasi iradəsi Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsinə təkan verib".
Prezidentin köməkçisi bildirib ki, seçkilərdə şəffaflığın təmin edilməsi məqsədilə Prezident İlham Əliyev mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında çox ciddi vəzifələr qoyub.
Z.Nağdəliyev deyib ki, Azərbaycanda hər dəfə seçkilərdə iştirak edənlərin ümumi çəkisinin artmasına nail olunub: “Əsas vəzifə ondan ibarətdir ki, qanunvericilik pozulmasın, heç bir qanun pozuntusuna, saxtakarlığa yol verilmədən proses şəffaf keçirilsin. Azərbaycan dairə seçki komissiyalarına yaradılan şərait baxımından dünyada nümunəvi ölkə rolunu oynayacaq, çünki dairə seçki komissiyaları üçün çox yüksək şərait yaradılıb, ən yeni binalar, ən yeni məkanlar təsis olunub ki, seçicilər rahat şəkildə səsvermədə iştirak etsinlər. Artıq biz maddi-texni bazadan, şəraitdən danışmırıq, çünki bu məsələlər öz həllini çoxdan tapıb”.
PA rəsmisinin sözlərinə görə, yerli icra hakimiyyəti orqanlarına tapşırıq verilib ki, namizədlərin təşviqat aparması üçün yerlərə baxış keçirilsin və siyahı KİV-də dərc edilsin.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev diqqətə çatdırıb ki, Azərbaycanda seçki prosesi getdikcə daha da müasirləşir: “Bu gün dünyada çox mürəkkəb proseslər baş verir və bu proseslər əlbəttə ki, seçkiyə də sirayət edir. Bu gün Azərbaycanda hər birimiz Azərbaycan vətəndaşı kimi bilirik ki, uzun illər bu proses stabillik şəraitində uğurla keçirilir. Hesab edirəm ki, qarşıdan gələn seçkilər də stabillik şəraitində şəffaflıqla və uğurla reallaşacaq”.
Məhkəmə sədri vurğulayıb ki, Azərbaycanda seçicilərin öz hüquqlarından istifadə etməsi üçün tam şərait yaradılıb: “Müqayisə aparsaq görərik ki, bu gün dünyada seçicilərin hüququndan istifadə etməsi ilə bağlı problemlər mövcuddur. Misal üçün, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında aktiv seçki hüququnun məhdudlaşdırılması, xüsusilə məhkumların hüquqlarının məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edilib, bir sıra Avropa ölkələrində də bu məhdudiyyət var. Ancaq Azərbaycanda belə məhdudiyyət yoxdur və əlbəttə ki, bu, çox mütərəqqi bir addımdır. Azərbaycanda əhalinin bütün elektoratı, o cümlədən, azadlıqdan məhrum edilən şəxslər də seçkilərdə iştirak edəcək”.
Ombudsman Elmira Süleymanova bildirib ki, Azərbaycanda Seçki Məcəlləsi ildən-ilə təkmilləşir və seçicilərin azad şəkildə səs verməsi üçün daha yaxşı şərait yaradılır: “Əvvəllər seçiçilərin qeydiyyatda olduğu yer üzrə səs verməsi müəyyən problemlər yaradırdı. Ancaq indi seçicilərin qeydiyyatda olduğu yerdə səs verməsi tələb olunmur. Artıq hər bir vətəndaş harada olmasından asılı olmayaraq, şəxsiyyət vəsiqəsini təqdim etməklə səs verə bilər ki, bu da seçicilərin rahat şəkildə seçkidə iştirak etməsinə şərait yaradır”.
E.Süleymanova vurğulayıb ki, Azərbaycanda əlilliyi olan insanların da seçkilərdə iştirakı üçün lazımi şərait yaradılıb, seçki məntəqələrində panduslar quraşdırılıb: “İnanıram ki, əvvəlki seçkilər kimi qarşıdakı prezident seçkiləri də azad və demokratik şəraitdə keçiricək".
Ədliyyə nazirinin müavini Azər Cəfərov qeyd edib ki, Referendumdan sonra keçirilən bu prezident seçkisi əvvəlkilərdən fərqlidir: “Prezidentliyə namizəd üçün yaş senzi yoxdur, prezidentin səlahiyyət müddəti 7 ilə çatır. Prezidentin parlamenti buraxmaq, vitse-prezidentlər təyin etmək səlahiyyəti var”.
A.Cəfərov bildirib ki, ədliyyə orqanlarının seçkilərin keçirilməsi və təşkilində vəzifəsi məlumdur: “Bura normativ sənədlərin təsdiq edilməsi, penitensiar müəssisələrdə, yəni istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində seçkilərin təşkil edilməsi daxildir. Artıq 22 ildir ki, Azərbaycanda azadlıqdan məhrum edilmiş şəxslərin seçkilərdə iştirakını təmin etmək üçün seçki komissiyaları ilə sıx əməkdaşlıq həyata keçirilir. Məhkumların və azadlıqdan məhrum olunmuş şəxslərin seçki hüquqları təmin olunur. Almaniya, Macarıstan, Bolqarıstan kimi ölkələrdə bu insanların belə hüquqları yoxdur. Bəzi ölkələrdə isə ağır cinayət törətmiş, müəyyən müddətə azadlıqdan məhrum edilmiş şəxslərin belə hüquqları yoxdur”.
Baş prokurorun birinci müavini Rüstəm Usubov diqqətə çatdırıb ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem yaradılıb və şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün bütün zəruri əsaslar mövcuddur: “Azərbaycanda ictimai siyasi sabitlik və demokratik seçki qanunvericiliyi tam əminliklə deməyə əsas verir ki, qarşıdakı prezident seçkiləri də əvvəlki seçkilər kimi xalqın aktiv iştirakı və qanun çərçivəsində keçiriləcək”.
Baş prokurorun müavini bildirib ki, xalqımızın iradəsinin təmin olunmasında prokurorluq orqanlarının da vəzifələri var. O qeyd edib ki, prokurorluq orqanları seçkilərlə bağlı müraciət və şikayətləri araşdırır, müraciətlərə verilən izahlarda yaxından iştirak edir.
R.Usubov vurğulayıb ki, Azərbaycanda əvvəlki seçkilərdə ciddi qanun pozuntusuna yol verilməsi ilə bağı prokurorluq oqranlarına müraciət daxil olmayıb: "Seçki qanunvericiliyinin pozulmasına yol verənlər qanunvericilik çərçivəsində cəzalandırılacaq".
Baş prokurorun müavininin sözlərinə görə, indiyə qədər keçirilən seçkilərdə müraciət və şikayətlər daha çox bələdiyyə seçkiləri ilə bağlı olub ki, bu da seçkilərin kütləvi xarakter daşıması ilə bağlıdır.
Sonda daxili işlər nazirinin müavini Oruc Zalov çıxış edərək deyib ki, Azərbaycanda xalq-iqtidar birliyi sabitliyin əsasını təşkil edir: “Biz bunun qorunması üçün lazımi tədbirlər görürük. Daxili İşlər Nazirliyi Prezident seçkiləri ilə bağlı proqram hazırlayıb. Seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün ayıq-sayıqlıq tələb olunur”.
Nazir müavini qeyd edib ki, təşviqat kampaniyası zamanı namizədlərin təhlükəsizliyi təmin olunacaq: “Səsvermə günü də seçki məntəqələrinin təhlükəsizliyi təmin ediləcək. Beynəlxalq müşahidəçilərin təhlükəsizliyi ilə polislərin dislokasiyalarına dəyişiklik ediləcək. Qeyri-qanuni, razılaşdırılmamış tədbirlərin qarşısı qətiyyətlə alınacaq. Etik davranış qayadaları tam nəzarətdə olacaq. Ədavətə çağırışların, dini, irqi ayrı seçkiliklə bağlı çağırışların qarşısı alınacaq”.
Müşavirə digər çıxışçıların fikirləri ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB