Türkiyənin İngiltərədəki səfiri: “Türkiyə Qarabağ probleminin həlli üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır”

Türkiyənin İngiltərədəki səfiri: “Türkiyə Qarabağ probleminin həlli üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır”

Türkiyənin İngiltərədəki səfiri Əhməd Ünal Çeviköz Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilən tədbirdəki çıxışında Türkiyə-Azərbaycan əlaqələrinə toxunub. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, iki ölkə münasibətlərinin heç vaxt pozulmayacağını deyən türk diplomatı bunun bir müddət əvvəl də sınaqdan keçirildiyini söyləyib.

 

Ə.Ü.Çeviköz Londonda "Institute of Directors" adlı təşkilatın ofisində keçirilən tədbirdə təşkilatın üzvləri, alimlərə və lordlara üzünü tutaraq Azərbaycan ilə Türkiyə arasında coğrafi, mədəni, tarixi yaxınlığın olduğunu və iki ölkə arasında imzalanan bəzi razılaşmaların bu tarixi əlaqələri daha da inkişaf etdirdiyini qeyd edib. Türkiyənin hər zaman Azərbaycanın torpaq bütövlüyünü dəstəklədiyini və Qarabağ probleminin həlli üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışdığını dilə gətirən Çeviköz Türkiyənin Qafqazda başladığı dialoq ilə Rusiya da daxil olmaqla buradakı ölkələri bir araya gətirməyi qarşısına məqsəd qoyduğunu və bunu bacardığını vurğulayıb.

 

Türkiyə və Ermənistan arasındakı normallaşma prosesinə də toxunan Çeviköz protokolun indiki halda gözləmə mövqeyində olduğunu, ancaq gələcəkdə irəliləmə qeydə alınacağına ümud etdiklərini bildirib. Türkiyəli diplomat Azərbaycanın son illərdə böyük bir iqtisadi inkişaf yolu keçdiyini, ABŞ-ın Əfqanıstan işğalı ilə bölgədəki tarazlığın dəyişdiyini və bunun nəticəsi olaraq Azərbaycanın əhəmiyyətinin artığını ifadə edib.

 

Çıxışında Türkiyə-Avropa Birliyi əlaqələri ilə bağlı fikirlərini tədbir iştirakçılarına çatdıran Çeviköz Türkiyənin Şərqə baxışının Qərb üçün bir təhlükə hesab edilməsinin də dar düşüncələrin məhsulu olduğunu qeyd edib: "Qlobal bir oyunçu olmaq üçün Avropa Birliyinin Türkiyə ilə əməkdaşlığına ehtiyacı var. Türkiyənin AB yolunda böyük maneələri var. Bu maneələrdən biri də Kiprin böyük bir səhvin nəticəsi olaraq Avropa Birliyinə qəbul edilməsidir. "Bəli" deyənlər cəzalandırdığı halda, "xeyr" deyənlər mükafatlandırıldı. Buna baxmayaraq, biz birliyə üzvlük yolunda yolumuza davam edəcəyik. Türklər səbrli olmaları ilə tanınır. Bu prosesə 47 il əvvəl başladıq. Daha bir neçə il də gözləyə bilərik, amma daha 47 il yox".

Bütün xəbərlər Facebook səhifəmizdə