Bir az da qəbir daşlarından KÖŞƏ

Bir az da qəbir daşlarından KÖŞƏ

Çiskinli bir axşam, "Qurd Qapısı" yaxınlığındakı qəbiristanlıq. Bu dünyayla "o dünya"nı bir-birindən "ayıran" hasarın o üzündəki qəbiristanlığın səssizsiliyini hasarın bu tərəfindəki qaynar, gediş-gəlişli həyatın səs-küyü pozurdu. Hasarın bu üzündəki maşınların markalarından, insanların geyimlərindən kimin necə yaşaması məlum olduğu kimi, hasarın o üzündəki qəbir daşlarından da hansı qəbirdə yatanın vaxtilə necə yaşaması görünməkdədir. Qəbir yerinin nə qədər böyük, sinə daşının nə qədər enli, baş daşının nə qədər hündür olması qəbirdə yatanın hansı "çəkidə" olmasından xəbər verir.

Deyirəm, görəsən, bəzi şəxslər tərəfindən sərgiyə çıxarılmayan, reklam olunmayan nələrsə qalıbmı? Ərzaqdan tutmuş geyim, tikinti materialları, məişət avadanlıqları və s. və i. a. Həyatda başımıza gələn bir çox hadisələri görüb təəccübləndikcə, hər dəfə "daha bundan sonra təəccüblənmərəm, məni təəccübləndirmək çətin olar" deyə düşünmüşəm. Amma hərdən elə şeylər görüb, şahidi olursan ki, nəinki təəccüblənir, hətta dəhşətə gəlirsən...

Təsəvvür edin ki, qarşınıza "Qəbir daşları - sərgisi, sifarişi və satışı" yazılmış lövhə çıxır. Bıy, gözümüz aydın, sərgilər azmış kimi, bu da sizə lap təzə bir sərgi salonu. Ağ, qara, qırmızı, nə rəngdə, hansı ölçüdə, hansı formada istəsəniz, müxtəlif daşlar sərgilənir. Kitab, məscid, avanqard kəsilmiş daha nələr - hansı formada, hansı ölçüdə istəsən. Bu həyatda nə işlə məşğul olursansa, sənətin nədirsə həmin formada başdaşı hazırlada da bilərsən. Sərgini seyr etdikcə, adam lap istəyir ki, ölməmiş həmin sərgidə öz zövqüylə, istədiyi formada özünə daş sifariş versin... Amma orasını da deyim ki, elə oradaca daşların gözəlliyi məni necə valeh etdisə, istədim indidən elə peşəmə uyğun ya kompyuter, ya qələm, ya da qəzet formasında daş sifariş edim. Hələ, üstəlik, Taras Şevçenko kimi vəsiyyət də etmək istədim:

"Mən öləndə məni basdırarsınız,

Yüksək bir təpədə, bir dağ başında..."

Ha fikirləşdimsə, bir qərara gələ bilmədiyimdən, sifarişimi saxladım sonraya...

Yaxşı, sifariş demişkən, "sifarişi" başa düşdüm, sərgilənən daşların ürəyim hansını istəsə, onu sifariş verəcəyimdən xəbər verir. "Satışı" da, başa düşdüm ki, daşları satanların da çörəyi "daşdan" çıxır. Bax, bu "sərgini" heç cür başa düşə bilmirəm.

Nə isə, sərginin üstündə çox da baş sındırmağa dəyməz, amma öz aramızdı, bir anlıq lap ölməyim gəldi. Orasını da deyim ki, Əzrayıla verəcəyimiz canın da qədrini ona təslim etməmişdən əvvəl, bir azca bilsəydik, heç də pis olmazdı.

Afət TAHİRQIZI

P.S. Məncə, qəbiristanlıqlarda da intizam yaratmağın vaxtıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə