Müxalifətin "yol əhvalatı" KÖŞƏ

Müxalifətin "yol əhvalatı" KÖŞƏ

Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı verilən qərar müxalifət daxilində elə bir çaxnaşma salıb ki, gəl görəsən. Biçarələr başlarını itiriblər desəm, az olar. İlin sonuna qədər planlaşdırdıqları işlərin birdən-birə alt-üst olması qurduqları planların darmadağın olmasına, xəyallarının parçalanmasına gətirib çıxardı. Hansı addımı atacaqları belə özlərini çaş-baş salıb. Əlacları ona qalıb ki, bir yerə yığılıb görsünlər ki, dərdlərinə nə əlac qılırlar?!

Zalımlar öz aralarında da dil tapa bilmirlər ki, heç olmasa, biri deyəni o biri eşitsin. Axır ki, yenə də Əli Kərimli söz alıb başladı çıxışına, nə başladı:

- Bu gün bizim bura yığılmağımızın bir məqsədi var. Təsəvvür edin ki, ölüm-qalım məsələsidi. Biz bir yola çıxmışıq, bu yolda gərək bir olaq. Amma sizə onu da deyim ki, sizinlə işləmək çox çətindir. Sizdən adam olmayıb, olmayacaq da. Götürək elə bugünkü yığıncağımızı. Sizə nə qədər demək olar ki, bu xırda-xuruş, cılız söz-söhbətlərdən əl çəkin, nə görmüsünüz boş-boş danışıqlardan, nəyinizə lazımdı axı? Hə, "kstati" yadıma bir şey düşdü. Seçkilər gəlib kəsdirib qapının ağzını, pul da yox. Hətta ora-bura qaçmaqçun "transport"a yanacaq doldurmağa da bir qəpiyimiz yoxdu. Hansınızı bir iş dalınca göndərirəmsə, yarıtmırsınız. Götürək elə mənim müavinim Gözəl Bayramlını. Neçə vaxt əvvəl qurduğumuz planı aparıb Gürcüstanda batırdı. Soruşanda ki, niyə belə edirsən, üzümə qızıl-qırmızı durur ki, mən də sizin maraqlarınızçun çalışıram, daaa. Əgər buna maraq demək olarsa? Siz bir işə baxın, məni hələ belə zibilə salan olmamışdı. Başdan-ayağa ziyan içindəyik. Bu tərs xarici havadarlarımızdan canımı qutarsaydım, dərdim olmazdı. Axır vaxtlar göz verirlər bizə, işıq vermirlər, ay kişilər. Heyif fikirlərimdən. Özümüz işləməliyik, öz qüvvəmizlə, amma öz aramızdı, hansı qüvvəyələ? Bəylər, keçirik o biri məsələyə. Mənim narahat edən odur ki, bizim bu saat işimizin "razqar" vaxtıdır. Okeanın o tayından da yığıblar məni boğaza. Bir çarəmiz ona qalıb ki, "boykot" edək və mitinqlərə başlayaq. Elə buna görə deyirəm, ölüm-qalım məsəlidi.

"Boykot-mitinq" sözünü eşidənlər hərə bir yerdən danışmağa başladı. Kimisi əlavə qüvvə istədi, təkbaşına öhdəsindən gələ bilməyəcəklərini dilə gətirdi. Sədarət kürsüsündə oturanlarsa, ancaq bir-birlərinə baxmağa başladılar ki, hansı pulla əlavə qüvvə toplasınlar?! Pul da yoxdu axı. Əlacları ona qalıb ki, ancaq sosial şəbəkələrdə oturub boş-boş çıxışlar etsinlər, ağızlarına gələni yazsınlar. Kompüterdən bir az başı çıxanlarsa, ağıllarına gələn şəkilləri kollaj edirlər ki, guya özlərini bir iş görən kimi göstərsinlər. Amma bunun da heç bir faydasının olmayacağına da, ən azından, öz adları kimi əmindilər. Bundan əvvəlki əndrəbadi, iflasa uğrayan yarıtmaz "praktikaları" kimi...

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə