Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxış edən Prezident İlham Əliyevin İrəvan xanlığı, Zəngəzur və Göyçənin Azərbaycanın tarixi torpaqları olması, eləcə də həmin torpaqların geri qaytarılması ilə bağlı səsləndirdiyi bəyanatı işğalçı Ermənistanı vahiməyə salıb. Artıq işğalçı ölkənin mediası Prezident İlham Əliyevin bəyanatı ətrafında həyəcan təbili çalır, açıq-aşkar qorxu nümayiş etdirir.
Təhlilin bilavasitə təlaş üzərində yazıldığını görmək mümkündür
SİA xəbər verir ki, mövzu ətrafında “lragir.am” saytında yazan erməni təhlilçisi Naira Ayrumyan İlham Əliyevin “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq” bəyanatı ətrafında belə bir iddia ilə çıxış edib ki, məhz bu faktoru ön görən Azərbaycanın ölkə rəhbərliyi Naxçıvanda silahlanmış güclü ordu formalaşdırıb.
Digər tərəfdən, erməni təhlilçisi prezident seçkilərinin oktyabr ayından aprel ayına çəkilməsini və növbədənkənar seçkilərin vaxtının müəyyənləşdirilməsini də qabardaraq bunu Dağlıq Qarabağ danışıqları baxımından fasiləyə hesablandığını qeyd edib. Beləliklə, sözügedən təhlilin bilavasitə təlaş üzərində yazıldığını görmək mümkündür.
Ermənilər güclü Azərbaycan qarşısında məğlub olacaqlarına eyham vururlar
Adıçəkilən saytın digər təhlilçisi Akop Badalyan da mövzusunu Qarabağda baş verən hadisələrə yönəldərək yazır ki, növbədənkənar seçkilərin təyin olunması Azərbaycan tərəfinin bu istiqamətdə bir sıra planlarının olmasından xəbər verməkdədir. Ermənistanın “1in.am”, “tert.am”, “panorama.am” saytları da Azərbaycanda baş tutacaq növbədənkənar seçkilər, eləcə də Prezident İlham Əliyevin namizədliyi ətrafında rəylər, təhlillər və məqalələr yazaraq, ölkə hakimiyyətinin, o cümlədən, ictimai-siyasi dairələrin güclü Azərbaycan qarşısında məğlub olacağına eyham vururlar.
Yeri gəlmişkən, onu da xatırladaq ki, bu il Ermənistanda da seçkilər keçiriləcək və parlament seçkiləri öncəsi ölkə daxilində çalxalanma gözlənilir. Diktator Serj Sarkisyan hakimiyyətini əldə saxlamaq üçün, daha doğrusu, baş nazir postuna yiyələnmək üçün əlində olan hər bir vasitədən maksimum yararlanmağa cəhdlər göstərir. Belə olan vəziyyətdə ermənilərin Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərdən narahat olmalarını, xüsusilə, Prezident İlham Əliyevin bəyanatlarından vahiməyə düşmələrini anlamaq elə də çətin deyil.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB