KATA Serj Sarkisyanın irqi üstünlüklə bağlı çıxışını pisləyib

KATA Serj Sarkisyanın irqi üstünlüklə bağlı çıxışını pisləyib

Kanada-Azərbaycan Təşkilatları Assambleyası (KATA) Ermənistan prezidenti Serj Sarkisyanın irqi üstünlüklə bağlı bu yaxınlarda etdiyi çıxışı pisləyən bəyanat yayıb.

SİA-nın məlumatına görə, bəyanatda bildirilir ki, S.Sarkisyan bəzi "genetik araşdırmalar"a istinad edərək guya erməni millətinin mövcudluğunun 8 min ilə yaxın olduğunu deyib. Daha sonra isə S.Sarkisyan ölkəsinin ekspansionist siyasətinə uyğun olaraq, çıxışında Azərbaycan əleyhinə fikirlər səsləndirib.

Bəyanatda qeyd edilir ki, Ermənistan rəsmilərinin erməni xalqının azərbaycanlılar və regionda yaşayan digər xalqlar üzərindəki üstünlüyünü bəyan etməsi birinci dəfə deyildir. Onların bəziləri hətta iddia edirlər ki, azərbaycanlıların hazırkı Azərbaycanın əraziləri hüdudlarında belə yaşamağa hüquqları yoxdur.

Daha sonra bəyanatda deyilir ki, yuxarıda qeyd olunan "araşdırmalar"ın 60 il əvvəl Avropa və bütün bəşəriyyət üçün hansı dəhşətli nəticələrə gətirib çıxardığı hamımıza məlumdur. Ermənistan prezidenti Serj Sarkisyan və onun sələfi Robert Koçaryan hələ də ifrat irqçilik, alilik və nifrət dilində danışmaqda davam edirlər.

Kanada-Azərbaycan Təşkilatları Assambleyası vaxtilə nasizmə qarşı mübarizəyə kömək etmiş Kanada hökumətini Ermənistan prezidentinin bəyanatlarını, rəsmi Yerevanın işğalçılıq siyasətini pisləməyə, eləcə də Ermənistan hökumətindən beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsini tələb etməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə