Müxalifət “Milli Şura”ya belə zərbə “vurdu” SİYASİ RAKURS

Müxalifət “Milli Şura”ya belə zərbə “vurdu” SİYASİ RAKURS

Seçkilərə qatılacaq müxalifət partiyaları Əli Kərimli-Cəmil Həsənli cütlüyünü sarsıdıb

“Milli Şura”nın sədri Cəmil Həsənli ilə AXCP sədri Əli Kərimlinin növbədənkənar seçkiləri boykot etmək qərarlarının ardınca onlar düşərgədə fəaliyyət göstərən digər müxalifət partiyalarından istədikləri dəstəyi ala bilməyiblər. Belə ki, artıq bir sıra müxalifət partiyaları seçkilərə qatılacaqlarını bəyan ediblər. AMİP, Müsavat, KXCP, “Ümid”, ADP, VHP, “Ədalət”, VİP, ALP, BAXCP, BQP və s. müxalif siyasi qurumlar ayrı-ayrılıqda seçkilərə namizəd irəli sürəcəklərini bəyan etməklə, əslində “Milli Şura”ya zərbə “vurublar”. Bununla da Ə.Kərimli-C.Həsənli cütlüyü sarsılıb.

Nə cəmiyyət, nə də müxalif siyasi partiyalar “Milli Şura”nı ciddi, real müxalifət təşkilatı kimi qəbul etmir

Onu da xatırlatmaq yerinə düşərdi ki, hələ 2013-cü ildə keçirilmiş prezident seçkilərindən öncə və sonra “Milli Şura”ya daxil olmayan partiyaları müxalifət partiyaları hesab etmədiyini bəyan etmiş Ə.Kərimli hələ o vaxtan düşərgədəki dəstəyini itirmişdi. Bu amil də belə qənaətə gəlməyə zəmin yaradır ki, 2018-ci ilin növbədənkənar prezident seçkisini boykot edəcəklərini iddia edən Ə.Kərimli-C.Həsənli cütlüyü bu səbəblərdən dolayı müxalifətdən almaq istədikləri dəstəyi itirdilər. Artıq belə demək olar ki, nə cəmiyyət, nə də müxalif siyasi partiyalar “Milli Şura”nı ciddi, real müxalifət təşkilatı kimi qəbul etmir.

Digər tərəfdən, Ə.Kərimli sosial şəbəkələrdə siyasi partiya sədriliyindən daha çox bloggerlik edərək, saxta trolları ilə boykot qərarını reklam etdirməyə cəhdlər göstərir. Lakin onun bu planı da istədiyi nəticəni vermir. Daha doğrusu, ölkə rəhbərliyinin siyasətini dəstəkləyən yüz minlərlə sosial şəbəkə istifadəçiləri, xüsusilə dövlətinə və dövlətçilik maraqlarına sədaqətli olan fəal gənclər Kərimlinin trollarının, saxta profil sahiblərinin cavablarını lazımi qaydada verməkdədirlər.

Bu, “Milli Şura”nın bilavasitə siyasi ölüm çağı və fiaskosudur.

Sözügedən faktorlar həm də belə deməyə əsas yaradır ki, Ə.Kərimli bütün cinahlarda - həm siyasi arenada, həm də virtual aləmdə rüsvaycasına uduzmaqdadır.

Həmçinin, daha bir məqam “Milli Şura”nın xaricdən almağa cəhd etdiyi dəstəkdən məhrum olmasıdır. Artıq ötən seçkilərdə onlara dəstək göstərmiş bir çox xarici qurumlar da anlamağa başlayıblar ki, Ə.Kərimli-C.Həsənli cütlüyünə “stavka” etmək olmaz. Bununla da qənaətə gəlmək olar ki, hətta həmin qurumlar da boykot qərarına dəstək verməyəcəklər. Bu, “Milli Şura”nın bilavasitə siyasi ölüm çağı və fiaskosudur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə