"Sergey Şoyqu RF üçün yeni geosiyasi resurs yaradır” ŞƏRH

"Sergey Şoyqu RF üçün yeni geosiyasi resurs yaradır” ŞƏRH

“Rusiya Federasiyasının (RF) müdafiə naziri Sergey Şoyqu RF üçün yeni geosiyasi resurs yaradır”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Sergey Şoyqu Myanma və Laosa səfər etdi: “2017-ci ilin dekabr ayında RF-in Myanma hadisələrinə mövqeyi 180 dərəcə dəyişmişdi:

I. RF-in BMT-dəki nümayəndəsi V.Nebenzya Myanmada müsəlmanların “soyqırımı” mövzusunda spekulyasiya etməməyə çağırdı.

II. RF XİN Rohinca döyüşçülərinin Myanmadakı fəaliyyətindən narahatlığını bildirdi.

İndi vəziyyəti başa düşmək üçün əlavə arqument ortalıqdadır; Bu, RF müdafiə naziri S.Şoyqunun həmin regiona marağının olmasıdır. S.Şoyqu Myanma, Laos və Vyetnama səfər etdi. S.Şoyqu Myanmada bu ölkənin silahlı qüvvələrinin ali baş komandanı, böyük general Min Aunq Xlayn ilə hərbi gəmilərin limanlara sadələşdirilmiş daxil olması barədə prinsipial mövqeni razılaşdırdı və sənədi hər iki nazirin müavinləri imzaladılar. RF Myanmaya 6 ədəd Su-30 qırıcısı satmaq barədə müqavilə imzaladı. Myanmanın RF mənşəli digər dəniz və quru hərbi texnikasına da marağı var. Rusiya Myanmaya pilotsuz uçuş aparatları verməyi və onları idarə etməyi öyrədəcəyini vəd etdi. ABŞ bu silah alverini pislədi. RF XİN ABŞ Dövlət Departamentinin mövqeyini fantaziya ilə zəngin mövqe adlandırdı.

Laosda S.Şoyqu müdafiə naziri Tiyansamon Tiyanyalatu ilə hərbi sahədə ikitərəfli əməkdaşlığı müzakirə etdi. Analoji missiya ilə S.Şoyqu Vyetnamda da oldu.

Diqqət çəkən və ya Rusiyanın mövqeyini izah edən məsələ Şoyqunun mənəvi-dini bağlarla Adı çəkilən region dövlətlərinin xalqları ilə əlaqəli olmasıdır. Beləliklə RF müdafiə naziri S.Şoyqu eyni mənəviyyat daşıyıcılarına təkcə hərbi deyil, hərtərəfli dəstəyinin bünövrəsini qoyur. Nəticədə, bu region dövlətlərini (Çin, Hindistan və Yaponiyanı çıxmaq şərti ilə) demək olar ki, hamiliyə götürür. Bu dövlətlər öz regionlarında Rusiyanın maraqlarının daşıyıcısına çevrilirlər.

RF müdafiə naziri S.Şoyqunun Myanmaya xüsusi diqqəti antiİslam xarakterli deyil. Rusiya həm çoxmilyonlu müsəlmanın yaşadığı ölkədir, həm də RF üçün İslam ölkələri ilə də əlaqə vacibdir. S.Şoyqu düşüncə tərzinə görə etatistdir.

Myanmada Rohincalara qarşı dövlət siyasətinin mahiyyətində Myanma elitası və mərkəzi hakimiyyətinin bu məsələni özləri üçün təhlükə kimi görməsindədir. Çünki Myanmada mərkəzi hakimiyyət bir sıra özünü xarici təsirlərdən qoruya bilmir. Şoyqunun hamiliyi ilə özünü inamlı hesab edən Myanma hökuməti yaxın perspektivdə Rohinca müsəlmanlarına vətəndaşlıq verməklə, onları daha asan idarə edə biləcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə