Sərdar Cəlaloğlu: “Problem müxalifətin özündədir”
Müxalifətin bu ilin aprelində keçiriləcək növbədən prezident seçkiləri ilə bağlı qaldırdıqları səs-küyün ardınca, düşərgənin digər təmsilçisi, ADP sədri Sərdar Cəlaloğlu ittiham xarakterli çıxış edib. O, xüsusilə radikal müxalifətin boş yerə haray saldığını da deyib və ilginc xatırlatma edib. “Son referendumdan dərhal sonra biz növbədənkənar prezident seçkilərinin keçirilməsini gündəmə gətirmişdik. İndi növbədənkənar prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi Konstitusiyaya uyğun addımdır”-deyə qeyd edən Cəlaloğlu həmçinin bildirib ki, əslində, növbədənkənar prezident seçkilərinin təyin edilməsi gözlənilən idi: “Artıq 2-3 aydır ki, namizədlər məsələsi müzakirə olunurdu. Kimin ağlı başında idisə, anlayırdı ki, yaxın dövrdə seçkilər ola bilər. Bu mənada müxalifət üçün bu seçkilər gözlənilməz olmamalı idi. Əgər gözlənilməz olubsa, problem müxalifətin özündədir”.
“2 ay zaman var və seçkidə iştirak etmək istəyən indidən hazırlıqlar görməlidir”
S.Cəlaloğlu əlavə edib ki, növbədənkənar seçkilər digər müxalifət partiyalarından fərqli olaraq, ADP üçün çətinliklər yaratmır. “Yəni nəyin bahasına olursa-olsun, seçkilərdə iştirak prinsipi yoxdur” deyə qeyd edən Cəlaloğlu əlavə edib ki, 2 ay zaman var və seçkidə iştirak etmək istəyən indidən hazırlıqlar görməlidir.
Göründüyü kimi, müxalifətçi partiya sədri düşərgədə süni səs-küyün yaradıldığını, habelə boykot və s. kimi çağırışlar edənlərin yanlış düşüncədə olduqlarını bildirib. Daha dəqiq desək, düşərgə təmsilçilərinin bütövlükdə xalq və düşərgə adından danışmaları, hətta kütləvi aksiyalara çağırışlar etmələri siyasi divident qazanmaqdan başqa bir şey deyil. Seçkilərdə iştirak etmək istəyənlər etməli, istəməyənlər isə öz zəifliklərini etiraf etməlidirlər. Əks halda onlar tərəfindən irəli sürülən istənilən ittihamlar yararsız və lüzumsuzdur.
Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB