“ABŞ və Türkiyə ordularının üz-üzə gəlmək təhlükəsi var” MÜNASİBƏT

“ABŞ və Türkiyə ordularının üz-üzə gəlmək təhlükəsi var” MÜNASİBƏT

“ABŞ-ın Mərkəzi Qüvvətlər (CENTCOM) Komandanı Cozef Votelin CNN-ə verdiyi son açıqlama Yaxın Şərqdə vəziyyətin daha da gərginləşəcəyindən və bunun bizə də təsirsiz ötüşməyəcəyindən xəbər verir. Votel ölkəsinin hərbiçilərinin Menbicdən çəkilmək niyyətində olmadığını bildirib”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Deputatın sözlərinə görə, türk ordusunun "Zeytun budağı" antiterror əməliyyatına başlayandan bəri ələ etdiyi ən böyük uğurun, yəni Burseya dağının ələ keçirildiyi gün verilən bu açıqlama əslində Ankaranın atdığı addımların boşuna olduğunu göstərmək niyyəti daşıyır və son dərəcə təhlükəlidir: “Bütün strateqlər, o sıradan Türkiyə rəhbərliyi də yaxşı bilir ki, Menbic təmizlənməsə, Afrinin ələ keçirilməsinin elə də böyük önəmi olmayacaq. Həm Türkiyənin torpaq bütünlüyünə təhdid, həm də terror təhlükəsi baxımından.

Çünki Menbic amerikalıların əlində olduğu halda İraqdan Aralıq dənizə qədər dəhliz açmaq və bu dəhliz boyunca kürd dövləti yaratmaq planını reallaşdırmaq yenə də mümkündür. Ola bilsin bununla bağlı Rusiya ilə xırda bir bazarlığa ehtiyac duyulsun. Rusların bu məsələdə amerikalılarla anlaşacağı elə də çətin görünmür. Ona görə də Türkiyə nə yolla olursa-olsun, Menbici təmizləməlidir.

General Votelin sözləri, bundan öncə isə Türkiyə və ABŞ prezidentlərinin telefon danışıqları zamanı meydana çıxan reallıq isə göstərir ki, Vaşinqton öz hərbiçilərini oradan çəkmək istəmir və Yaxın Şərqin xəritəsini dəyişmək üçün terrorçularla başlatdığı işbirliyini də davam etdirmək niyyətindədir. Belə olan anda Menbicdə Amerika və Türkiyə ordusunun üz-üzə gəlmək təhlükəsi yaranır. Təbii ki, bu, bir çox səbəblərdən indi o qədər də ağlabatan görünmür. Ancaq iki ölkə arasında ziddiyyətlərin daha da kəskinləşəcəyi və ermənilərin də bundan faydalanmağa can atacaqları heç şübhəsizdir. Fikrimcə, biz bütün bunlara hazır olmalı, ilk növbədə ermənilərin yaranmış vəziyyətdən faydalanmalarının qarşısının alınması yönündə önləyici addımlar atmalıyıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə