“Dağlıq Qarabağ probleminin həlli kifayət qədər yetişib" AÇIQLAMA
“Dağlıq Qarabağ problemi artıq həll edilmək üçün kifayət qədər yetişib. Əgər bu problemin həlli əvvəllər ancaq Azərbaycanın maraqlarına cavab verirdisə, yəni Azərbaycanın ərazi bütövlüyünü təmin edirdisə, bir milyona yaxın vətəndaşımız öz yurd-yuvalarına qayıda bilirdisə, hal-hazırda problemin həlli Ermənistanın və onu müdafiə edən dairələrə hava və su kimi lazımdır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, problemin mövcudluğu Ermənistanı regional layihələrdən kənarda saxladı, eyni zamanda Ermənistana investisiya qoyuluşunu sıfıra endirdi, erməni əhalisinin ölkədən köçüb-getməsinə səbəb oldu: “Bu baxımdan ATƏT-in Minsk qrupu problemin tezliklə hər hansı bir formada həll edilməsinə çalışır ki, Azərbaycan və Ermənistan arasında sərhəd məntəqələri açılsın, Türkiyə ilə diplomatik münasibətlər bərpa olunsun, Ermənistan bu gün gücü çatmayan hərbi büdcədən xilas olsun və azad olan vəsaiti özünün iqtisadi inkişafına yönəldə bilsin. Bir sözlə, Ermənistanın işğalçılıq siyasətini müdafiə edən dairələr artıq bu siyasətin Ermənistanın əleyhinə işlədiyinin fərqinə varırlar. Bu baxımdan vasitəçilər vasitəsilə Minsk qrupunu problemin həllinə tələsdirirlər. Düzdür burada çox qəribə bir yanaşma var. Onlar bir tərəfdən problemin həllini istəyirlər, digər tərəfdən isə Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirlər və yaxud da problemin Azərbaycan üçün əlverişli olmayan bir situasiyada həllinə çalışırlar. Ölkəmiz isə buna nail ola bilməz”.
A.Mirzəzadə əlavə edib ki, Prezident dəfələrlə bildirib ki, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ərazi bütövlüyü məsələsi heç zaman müzakirə mövzusu olmayıb: “Bu baxımdan Azərbaycan öz prinsipial mövqeyini sonacan müdafiə edəcək. Problemin həlli üçün bütün variantlardan, o cümlədən hərbi yolla həll etməyi daim gündəlikdə saxlayacaq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin isə bu məsələdə operativliyini, məsuliyyətlə yanaşmasını arzulayırıq. Amma təəssüf ki, Minsk qrupu tərəfləri sadəcə olaraq razılığa gəlməyi çağırır. Bu isə heç də diplomatik danışıqların və beynəlxalq hüquq normalarının yerinə yetirilməsinin ruhuna cavab vermir”.
Bütün xəbərlər Facebook səhifəmizdə