KİV nümayəndələri Altıağac Milli Parkı ilə yaxından tanış olub

KİV nümayəndələri Altıağac Milli Parkı ilə yaxından tanış olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Altıağac Milli Parkına press-tur təşkil edib. SİA-nın məlumatına görə, "Ekologiya ili" çərçivəsində keçirilən tədbirin məqsədi Altıağac Milli Parkının flora və faunası, eləcə də qoruğun nəzdində fəaliyyət göstərən vəhşi təbiətin bərpası mərkəzi və rebilitasiya kilinikası ilə media nümayəndələrini tanış etməkdir.

"2010 ekologiya ili - yaşıl dünya naminə" devizi altında Altıağac Milli Parkına təşkil olunan ekskursiyaya ölkənin 30-a yaxın aparıcı KİV nümayəndələri qatılıb. Vəhşi təbiətin bərpası mərkəzi və rebilitasiya kilinikasına gələn jurnalistlərə bu yer haqda geniş məlumat verilib.

Bildirilib ki, 2006-cı ildə Altıağac Milli Parkının nəzdində yaradılan mərkəzdə çöl heyvanlarının müalicəsi aparılır. İndiyədək vəhşi təbiətdən götürülən, o cümlədən qanunsuz saxlanılan yerlərdən müsadirə olunan 100-dən çox quş və 18 növ heyvan müalicə edilərək yenidən təbiətin qoynuna buraxılıb.

Media nümayəndələri Altıağac Milli Parkının özü ilə də tanışlıq imkanı əldə ediblər. Jurnalistlərin nəzərinə çatdırılıb ki, ərazisi 11035 hektar olan park 2004-cü ildə yaradılıb. Məqsəd isə Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftının, flora və fauna növlərinin qorunub saxlanılması və bərpasıdır. Parkın çox hissəsini meşələr təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji tarazlığın bərpası və təbiətin mühafizəsi istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirlərini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə