Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 7 Noyabr 2010-cu il tarixində keçiriləcək seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. Müraciətlərin demək olar ki, hamısı dairə seçki komissiyalarının namizədlikdən imtinanı nəzərdə tutan qərarlarla bağlı olub.
Müraciətlərə baxılan zaman MSK üzvü Akif Qurbanov komissiyanın fəaliyyətini tənqid edib və söyləyib ki, MSK özünü heç bir səlahiyyətə malik olmayan bir qurum kimi göstərir. MSK sədri Məzahir Pənahov isə cavabında bildirib ki, rəhbərlik etdiyi qurum heç kimin imzasını səhv çıxarmır.
Baxılan müraciətlərdən əksəriyyəti əsassız hesab edilib və namizədlikdən imtina ilə bağlı dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb. Müraciətlərin bir hissəsi isə baxılmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərilib. Müraciətlərə baxıldıqdan sonra indiyədək qeydə alınan namizədlərə daha biri əlavə olunub. Beləliklə, parlament seçkilərində qeydə alınan namizədlərin ümumi sayı 733-ə çatıb.
İclasın sonunda MSK sədri Məzahir Pənahov 43 seçki dairəsindən heç bir müraciətin olunmadığını bildirib. İki gündən sonra seçki bülletenlərinin çapına başlanılacağını deyən MSK sədri bildirib ki, Komissiya üzvlərindən çap prosesinə nəzarət etmək üçün 3 nəfər ayrılacaq. O, MSK-nın digər üzvlərinin də proseslə tanış olmaq üçün səlahiyyətə malik olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB