Ombudsman Aparatının rəhbəri Cenevrədə keçirilmiş beynəlxalq tədbirdə iştirak edib

Ombudsman Aparatının rəhbəri Cenevrədə keçirilmiş beynəlxalq tədbirdə iştirak edib

11-22 oktyabr 2010-cu il tarixdə İsveçrənin Cenevrə şəhərində Durban Bəyannaməsinin və Fəaliyyət Planının effektiv həyata keçirilməsi üzrə İşçi Qrupunun VIII sessiyası keçirilib.

SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı 11-15 oktyabr tarixlərində həmin tədbirdə iştirak edib.

Sessiyada Durban Bəyannaməsinin və Fəaliyyət Planının tətbiqi ilə bağlı dövlətlərin müsbət təcrübələri səsləndirilmiş, eyni zamanda bu sənədlərin effektiv həyata keçirilməsi üzrə təklif və tövsiyələr hazırlanıb.

A.Səfixanlı sessiya çərçivəsində çıxış edərək Azərbaycanın çoxmillətli bir dövlət olduğunu, əsrlər boyu ölkəmizdə dini və milli tolerantlığın hökm sürdüyünü, hər bir kəsin hüquq və azadlıqlarının bərabər şəkildə təmin olunduğunu və müdafiə edildiyini, qüvvədə olan milli qanunvericilik aktlarında irqi, milli, dini, sosial ədavət, düşmənçilik oyadan təşviqata və təbliğata, digər hüquq pozuntularına görə məsuliyyət müəyyən normalarının təsbit edildiyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə