"Azərbaycan BMT-nin qətnamələrinə zidd olan qərara öz etirazını bildirdi" ŞƏRH

"Azərbaycan BMT-nin qətnamələrinə zidd olan qərara öz etirazını bildirdi" ŞƏRH

BMT Baş Assambleyasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamənin qəbul edilməsi çox düzgün idi. Azərbaycan da beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, ölkəmiz hər zaman İslam həmrəyliyinə sadiq olub bundan sonra da sadiq olacaq: “Bunun bariz nümunəsi Azərbaycanın İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunması və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirməsidir. Ümumiyyətlə, İƏT ilk beynəlxalq qurumdur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünü tanıyıb və erməni qoşunlarının ölkəmizin ərazilərdən çıxarılmasının tələb edib. İƏT-in sammitlərində Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi geniş şəkildə müzakirə olunur”.

Azərbaycanın müstəqil siyasət yürütdüyünü dilə gətirən Q.Hüseynli söyləyib ki, ölkəmizin beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və heç bir kənar iradə Azərbaycanı öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz: “Azərbaycan özünün prinsipal xarici siyasət xəttinə uyğun olaraq, beynəlxalq hüquq normalarına və BMT-nin qətnamələrinə zidd olan qərara öz etirazını bildirdi. Bildiyiniz kimi eyni hadisə Azərbaycanın da başına gəlib. Belə ki, BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, ərazilərimizə qarşı erməni təcavüzü hələ də davam edir. Bu baxımdan Azərbaycan tərəfindən atılan addım bir tərəfdən islam həmrəyliyi xəttinə sədaqətdirsə, digər tərəfdən də beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə əməli töhfənin bariz nümunəsidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə