Hidayət Orucov Keçmiş Sovet Yəhudiləri Milli Konfransının sədrini qəbul edib

Hidayət Orucov Keçmiş Sovet Yəhudiləri Milli Konfransının sədrini qəbul edib

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan Keçmiş Sovet Yəhudiləri Milli Konfransının (NCSJ) sədri Riçard Stounu və onu müşayiət edən şəxsləri qəbul edib.

Qurumdan SİA-ya verilən məlumata görə, Dövlət Komitəsinin sədri qonaqları salamlayaraq bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, onların inanclarına hörmət və dövlət qayğısı Respublika Konstitusiyasında və "Dini etiqad azadlığı haqqında" Qanunda öz əksini tapıb. Ölkəmizdə bütün din mənsubları bərabərhüquqludur. Milli, dini azlıqların, o cümlədən yəhudi icmasının imanla bağlı adət-ənənələrinə, həyat tərzinə dövlət səviyyəsində böyük diqqət yetirilir. Tarixən etnik-dini tolerantlıq məkanı Azərbaycanda heç zaman milli ayrı-seçkilik, antisemitizm olmayıb. Bu ənənənin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində ümummilli iider Heydər Əliyevin xidmətləri böyükdür. Həmin siyasət hazırda Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublika ərazisindəki mövcud yəhudi məbədləri təmir və bərpa olunur. Bir neçə gün öncə Quba rayonunun Qırmızı qəsəbəsində qədim sinaqoqun əsaslı təmirdən sonra təntənəli açılış mərasimi keçirilib. Hazırda Bakıda yeni bir sinaqoqun tikintisinə başlamaq üçün hazırlıq işləri yekunlaşmaq üzrədir. Lakin monoetnik dövlət olan, tolerantlıq mədəniyyətinə yad Ermənistan Azərbaycanın Dağlıq Qarabağında və ətraf yeddi rayonunda təcavüzkarlıq siyasətini davam etdirir, torpaqlarımızı işğal altında saxlayır. H. Orucov bildirib ki, dünya ictimaiyyəti, xüsusilə də yəhudi icmaları bu problemin həllində Azərbaycanın haqq işini daha fəal müdafiə edə bilərlər.

ABŞ-dakı Kolumbiya Universitetinin hüquq elmləri üzrə professoru olan Riçard Stoun rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə ümumi tanışlıq məlumatı verərək deyib ki, NCSJ-nin əsas məqsədi MDB məkanındakı yəhudilərin problemlərini öyrənmək, onların həllində yardımçı olmaqdır. O, əlavə edib ki, Respublikanıza səfərimizdə məqsədimiz dövlətlərarası münasibətləri mökəmləndirməyə töhfə vermək, Amerika ictimaiyyətində Azərbaycanın, həqiqətən, milli ayrı-seçkiliyə yol verməyən, tolerant ölkə olduğunu təbliğ etmək üçün qənaətlərimizi zənginləşdirmək mahiyyəti daşıyır. Amerikalı qonaqlar ölkəmizdə dözümlülük əhval-ruhiyyəsinin qorunub saxlanılması sahəsində faydalı fəaliyyəti üçün Dövlət Komitəsinə təşəkkürlərini bildiriblər. Səmimilik şəraitində keçən görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə