"Leyla Yunusun heç bir hüquq müdafiəçisi ilə normal münasibəti olmayıb. O, öz maraqlarını hər şeydən üstün tutub". Bunu SİA-ya Milli Məclisin deputatı Çingiz Qənizadə "Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın çap edilməsi ilə bağlı fikirlərini bildirərkən deyib.
Onun sözlərinə görə, Leyla Yunus heç zaman hər hansı vətəndaşın hüquqlarını müdafiə etməyib, hər hansı məhbusun azadlığa qovuşmasında rol oynamayıb: "Biz həmişə düşünürdük ki, hər hansı məhbusa görə gedib xaricdə kimlərləsə oturub danışmaqla məsələ həll etmək düzgün deyil, məsələ ölkə daxilində həll olunmalıdır. Ancaq Leyla Yunus bu məsələləri xaricə çıxarmaqla pul qazanmaq məqsədi güdürdü. Leyla Yunusun məqsədi o olub ki, hüquq müdafiəçisi adı altında varlansın, Azərbaycan əleyhinə iş aparmaqla qrantlar alsın. O, özünün görmədiyi hadisəni qələmə alıb və onu xaricə satmaqla pul qazanıb".
Deputatın fikrincə, Leyla Yunusun Onun məqsədi həmişə özünün şəxsi maraqlarına xidmət etmək olub: "Leyla Yunus bir adama kömək etmədiyi halda Saxarov mükafatı almağı düşünür. Bu adam özünün maraqları üçün ətrafdakıları həmişə zərbə altında qoyub. Leyla Yunus müxtəlif adlar altında xaricdən qrantlar alıb və o pulları ölkədən çıxarıb. Leyla Yunus həmişə ədəbsiz hərəkətləri ilə yadda qalıb. Onun haqqında yazılan kitabda da bütün bu məqamlar öz əksini tapıb".
Məlumat üçün nəzərinizə çatdıraq ki, "Leyla Yunusun parlaqlığı və səfaləti" kitabının müəllifi vəkil Elçin Qəmbərovdur. Ötən gün sözügedən kitabın təqdimatı keçirilib. Kitab Leyla Yunusun məhkəmə və istintaq olduğu bir vaxtda azadlıq naminə dostları ilə həmfikirlərinə xəyanət etməsindən, Azərbaycan hakimiyyəti qarşısında alçalaraq öz xidmətlərini təklif etdiyindən bəhs edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB