Beynəlxalq Enerji Agentliyi neftə tələbatın artdığını açıqlayıb

Beynəlxalq Enerji Agentliyi neftə tələbatın artdığını açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (BEA) bu il və gələn il üçün qlobal neft tələbinin artdığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, neft tələbi proqnozlarının artmasında ABŞ, Almaniya və Yaponiyada istehlakın yüksəlməsinin təsiri olub.

 

Fransanın paytaxtı Paris şəhərində yerləşən Agentlik açıqladığı aylıq hesabatında bu il qlobal neft tələbinin gündəlik 86,9 milyon barrel olacağını qeyd edib. Agenliyin keçən ay açıqladığı hesabatında isə bu rəqəm 86,6 milyon barrel idi. Agenliyə görə, 2011-ci ildə qlobal neft tələbi gündəlik 88,2 milyon barrel olacaq. Bu rəqəm isə keçən ay 87,9 milyon barrel idi.

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının enerji qolu olan BEA zəngin ölkələrin neft tələbinin bu il 0,7 faiz artaraq gündəlik 45,8 milyon barrelə çıxacağını da ifadə edib. Neft İxraç edən Ölkələr Təşkilatının (OPEC) iki gün əvvəl etdiyi yığıncağında isə istehsal kvotasında dəyişiklik etməsinin gözlənilmədiyi açıqlanıb.OPEC-in sədri və Ekvadorun neft naziri Vilson Pastor bununla bağlı təşkilat üzvləri arasında razılığın əldə olunduğunu söyləyib.

 

Neft qiymətlərinin 70-80 dollar arasında dövr etmədi ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi bu qiymətlərin istehsalçıların daha çox isvestisiya qoymaları üçün ideal olduğunu və kövrək iqtisadiyyata təhlükə yaradacaq qədər yüksək olmadığını qeyd edib. Qeyd edək ki, OPEC dünya maliyyə böhranının ortaya çıxması və buna görə də neft qiymətlərinin aşağı düşməsi ilə gündəlik neft istehsalını 4,2 milyon barrel azaltmışdı. Təşkilat 2008-ci ilin dekabrından bu yana neftin istehsal kvotasında dəyişiklik etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə