Prezident İlham Əliyev: “Azərbaycanla İran arasında hərbi sahədə əməkdaşlıq inkişaf edir”

Prezident İlham Əliyev: “Azərbaycanla İran arasında hərbi sahədə əməkdaşlıq inkişaf edir”

Azərbaycan Prezidenti İlham Əliyev İranın müdafiə naziri Əhməd Vəhidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın xəbərinə görə, ölkələrimiz arasında qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığını qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu, əməkdaşlığımızın çoxşaxəli olmasının göstəricisidir.

 

Dövlət başçısı digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev İranın müdafiə naziri Əhməd Vəhidinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.

 

Müdafiə naziri Əhməd Vəhidi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb. O, İran Prezidentinin Azərbaycanın dövlət başçısına çox böyük ehtiram bəslədiyini vurğulayıb.

 

Ölkələrimiz arasında siyasi sahədə əməkdaşlığın çox yaxşı səviyyədə olduğunu qeyd edən Əhməd Vəhidi qarşılıqlı səfərlərin son vaxtlar mütəmadi xarakter daşıdığını və bunu ikitərəfli münasibətlərin inkişafının göstəricisi kimi dəyərləndirib.

 

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə