Paytaxt sakinləri YAP barəsində nə düşünürlər?

Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır. Bu gün 25 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası müasir dövrdə beynəlxalq arenada tanınan və qəbul edilən nüfuzlu partiyalar sırasında böyük nüfuz sahibidir. Yaradılma tarixinə nəzər salsaq, görərik ki, YAP ölkədə özbaşınalığın, xaos və anarxiyanın hökm sürdüyü, Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradıldı. Hər hansı siyasi partiyanın yarandığı vaxtdan qısa müddət ərzində hakimiyyətə gəlməsi tarixdə çox nadir hallarda rast olunsa da, YAP cəmi altı ay sonra hakimiyyətə gəldi və iqtidar partiyasına çevrildi. Qısa müddətdə respublikada ictimai-siyasi sabitlik bərpa edildi, separatçılığın qarşısı alındı və qanunsuz silahlı dəstələr ləğv olundu.

Sözsüz ki, partiyanın yüksək nüfuzu, bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə bağlıdır. Bu gün artıq YAP-ın yaranma tarixindən 25 il ötür. Bu illər ərizində ölkəmizin siması dəyişmiş, ölkəmiz sabitlik adasına çevrilmiş və iqtisadi sabitlik əldə olunmuşdur. Bu uğurları və nailliyyətləri hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir. Paytaxt sakinləri YAP-ın keçdiyi şərəfli yol ilə bağlı fikirləri qürur hissi, fərəhlə belə ifadə etdilər:

HƏBİB NƏSİROV:

- Ölkəmizin ən aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası daim maraqlı layihələrlə çıxış edir. Bu da cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Çünki bu layihələr, bilavasitə cəmiyyətdən gələn sosial sifarişlərdir. Eyni zamanda, əhalinin müxtəlif təbəqələrinin partiyamızın bu fəaliyyətinə dəstək verməsi onun gücünü artıran amillərdən biridir. YAP-ın müxtəlif sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Ölkəmizin həyatında mühüm və əlamətdar günlərdə, xüsusi bayramlarda YAP tərəfindən həmişə diqqət və qayğıya ehtiyacı olan ailələrə, insanlara yardımlar edilir və köməkliklər göstərilir. Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi olan gənclərimiz də həmişə YAP-ın diqqət və qayğısını hiss edir. Ümumilikdə, gənclərlə iş partiyanın fəaliyyətində əsas yerlərdən birini tutur.

NADİR QULİYEV:

- YAP yarandığı zamandan çox keçmədi ki, mən də bu partiyaya üzv oldum və son nəfəsimə qədər də bu partiyanın üzvi olaraq qalacağam. Bunun, təbii ki, bir çox obyektiv səbəbləri var. İlk növbədə, bu partiyaya olan inamdır. Ötən tarixi dövrə nəzər salsaq, görərik ki, həmin dövrdə Azərbaycanın inkişafını istəməyən xarici qüvvələr və onların yerli əlaltıları hər cür təxribata əl atırdılar və dövlət çevrilişinə cəhd göstərirdilər. Xalqın güzəranı kəskin şəkildə pisləşmişdi. Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Həmin illərdə insanlar ən kiçik sosial ehtiyaclarını ödəyə bilmirdilər. Bölgələrdə işıq, qaz və yol yox idi. Bir tərəfdən də torpaqlarımız erməni işğalçıları tərəfindən zəbt edilirdi. Yeni Azərbaycan Partiyasının yaradılması və qısa müddətdən sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydışı ölkəmizi düçar olmuş vəziyyətdən çıxardı. Bu günün reallıqları tamamilə fərqlidir. "Əsrin Müqaviləsi"nin imzalanması Azərbaycanın gələcək inkişafının əsasını təşkil etdi.

Bu gün YAP avanqard partiyaya çevrilib. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət Azərbaycanın simasını tamamilə dəyişib. Mən paytaxt sakini kimi YAP-ı yarıdılmasının 25 illik yubileyi münsibəti ilə təbrik edir və uğurlar arzulayıram.

TOFİQƏ QURBANOVA:

- Hər zaman cəmiyyətimizin avanqard simaları olan gənclərimiz hər yerdə layiqli yer tutublar. Təbii ki, bütün bunların əsasında dövlətimizin gənclərə yaratdığı imkanlar və diqqət dayanır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Bu gün Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının yaranmasından 25 il ötür və partiyanın sırasında olduğum üçün qürur hissi keçirir və Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev başda olmaqla, bütün üzvləri təbrik edir, hər zaman öndə olmasını diləyirəm.

FUAD QURBANOV:

- Bu gün Yeni Azərbaycan Patriyasının yaradılmasını 25 illik yubileyini inkişaf etmiş, dünyada öz sözünü deyən, çəkisi olan bir dövlətdə - Azərbaycanda böyük sevinc hissi ilə qeyd edirik. Bu, hər bir azərbaycanlını qürurlandırırır. Azərbaycanda gedən bütün inkişaf məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Bu gün də bu siyasət çox böyük uğurla Azərbaycan Prezident İlham Əliyev tərəfindən aparılır. Müasir dövrümüzdə Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur və ictimai-siyasi sabitlik möhkəmlənir. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. Bunun təməlində düşünülmüş siyasət, həyata keçirilən islahatlar və dövlət proqramları dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi də hər zaman diqqət mərkəzindədir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şərait yaradılıb ki, bu da Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. İnsan sağlamlığı və onun hərtərəfli təminatı istiqamətində ardıcıl işlər görülür. Əgər Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən hadisələrin qarşısı alınmasaydı və Böyük Şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıdışı olmasa idi, əlbəttə ki, bu günün Azərbaycan reallıqlarından belə söhbət açıla bilməzdi. YAP-ın 50, 100 illik yubileyləri məhz belə sabit və inkişaf edən ölkəmizdə qeyd olunsun.

HEYRAN İDRİSZADƏ:

- Öz fəaliyyətini xalqın iradəsi əsasında davam etdirən Yeni Azərbaycan Partiyasında təmsil olunmaq çox böyük şərəf və məsuliyyətdir. Partiyamızın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də, diqqət və qayğı ilə əhatə olunmuş gənclərin YAP-ın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi, Ümummilli Lider Heydər Əliyevin dediyi "Gənclər bizim partiyamızın sıralarında xüsusi qayğıya malik olmalıdırlar" fikrinin gerçəkliyə çevrilməsinin təsdiqidir. Nəticə etibarilə, Ümummilli Lider

Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan siyasət həyata keçirməsi, gənclərə xüsusi diqqət və qayğı göstərməsi və digər pozitiv məqamlar gənclərin YAP-a üz tutmasını şərtləndirir.

SALEH HÜSEYNOV:

- Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinin inkişaf etməsində çox böyük rolu olub. Yeni Azərbaycan Partiyasının çətin bir dövrdə yaradılması da Ulu Öndər Heydər Əliyevin böyük məqsəd və xidmətlərinin davamıdır. Ölkə ərazisində gedən müharibə, idarəçiliyin yoxluğu, səriştəsiz insanların rəhbərlikdə olması, daxili qarşıdurma Azərbaycanı parçalanma və vətəndaş müharibəsi təhlükəsi qarşısında qoymuşdu. Vəziyyət o qədər kritik idi ki, hətta Azərbaycan Yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Bu gün YAP 25 illik yubileyini böyük uğurları ilə qeyd edir. YAP-ın iqtidarda olmasının nəticələrini, nəinki Bakıda, hətta bütün ölkədə görmək mümkündür. Azərbaycanın istənilən rayonunda böyük inkişaf prosesi gedir. Xarici qonaqlar Bakıya gəldikləri zaman burada gördükləri gözəllik, təmizlik və abadlıq onları heyrətə salır. Bu gözəllik və uğurlar yalnız paytaxtda deyil, bütün bölgələrdə müşahidə olunmaqdadır. Hesab edirəm ki, bu möhtəşəmliyin təməlində 1992-ci ildə yaradılan YAP-ın rolu əvəzsiz və müstəsnadır. Azərbaycanda ictimai-siyasi proseslərin inkişafında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının belə yubiley illərini davamlı olaraq qeyd etməsini arzulayıram.

İLQAR HƏMZƏYEV:

- Gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etməsində, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Bütün bunlar gəncliyimiz üçün dövlət və Yeni Azərbaycan Partiyası tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncləri olaraq unutmuruq ki, biz müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara, məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində, sahib olmuşuq.

RAMİL RÜSTƏMOV:

- Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.

HƏSƏN MƏMMƏDOV:

- Müasir Azərbaycan gündən-günə inkişaf edir və gözəlləşir. Azərbaycan gözəlləşib, insanlar yaxşı yaşayır. Bütün bunlara görə də, Prezidentimizə təşəkkür edirəm. Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri danılmazdır və bu gün öz sıralarında 700 mindən artıq üzvü birləşdirən YAP Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident Cənab İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Yeni Azərbaycan Partiyası artıq bu gün həm ölkə daxilində və həm də regionda lider partiyadır. Xalqın partiyaya inamı, məhəbbəti yüksəlir və vətənini, xalqını sevən hər kəs Cənab İlham Əliyev ətrafında sıx birləşir. YAP 25 illik uğurlu yolda öz sözünün həyata keçirdiyi layihələri və əməli fəaliyyəti ilə deyib.

ELMİRA HACIYEVA:

- YAP-a, ilk növbədə, uğurlar arzulayıram. Daim belə güclü və sağlam ruhlu olsun. Ölkədə bu qədər aparılan abadlıq-quruculuq işləri göz önündədir. Əgər Azərbaycanın ən çətin şəraitində, ictimai-siyasi hadisələrin tüğyan etdiyi bir zamanda YAP yaradılmasaydı, bu irəliləyişlərdən danışmaq qeyri-mümkün olardı.

Bu gün nəinki regionda, hətta başqa dövlətlərdə də Yeni Azərbaycan Partiyası qədər qüdrətli olan, xalqa və dövlətə xidmət edən ikinci bir partiya yoxdur. Ona görə də, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilib. Ulu Öndərin siyasətini davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasın Sədri Cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində, Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bütün sahələrdə görülən işlər və qazanılan uğurlar onu göstərir ki, Azərbaycan xalqı düzgün seçim edib. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. Bu gün ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edərək, xalqımızın inam gətirdiyi lider partiyadır. İnkişaf və tərəqqi yolunu tutaraq, bütün fəaliyyət prinsiplərini dövlətə və xalqa xidmət üzərində quran YAP bu gün də həmin ənənəni davam etdirməkdədir.

Mən bütün YAP üzvlərini partiyanın yaradılmasının 25-ci ildönümü münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar və zəfərlər arzulayıram.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə