"Mən Konstitusiyanı öyrənirəm" TƏDBİR

"Mən Konstitusiyanı öyrənirəm" TƏDBİR

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Gənclər Birliyi rayon Gənclər İdman İdarəsi ilə birlikdə 12 noyabr Konstitusiya gününə həsr olunmuş rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında "Mən Konstitusiyanı öyrənirəm" adlı test üsulu ilə bilik olimpiyadası keçirib.

SİA-nın verdiyi məlumata görə, tədbiri açan YAP Qaradağ Gənclər Birliyinin sədri Ramiz Yusubov Azərbaycan Konstitusiyasının çox çətin şəraitdə qəbul olunduğunu qeyd edib: "1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi – referendum yolu ilə özünün ilk milli Konstitusiyasını qəbul etdi. Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları və onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapmışdı. Dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi ülvi niyyətlərin bəyan edilməsi Konstitusiyamızın demokratik dəyərlərini əks etdirir. Bu Konstitusiya özünün hüquqilik dəyərinə, demokratiklik əlamətlərinə görə dünyanın bir çox inkişaf etmiş dövlətlərinin konstitusiyaları ilə müqayisədə daha təkmil və əhatəlidir".

Çıxış edən digər natiqlər - Rayon Gənclər idman idarəsinin rəisi Elcin Abbasov, İcra Hakimiyyəti Humanitar və ictimai siyasi məsələlər şöbəsinin müdri Munis Bayramov, Gənclər idman idarəsinin məsul işcisi İlqar Qasımov bildiriblər ki, hər bir demokratik ölkədə hakimiyyət yalnız xalqın iradəsi əsasında formalaşa bilər. Memarı ümummilli lider Heydər Əliyev olan Azərbaycan Res­publikasının Konstitusiyası müstəqil, hüquqi və dünyəvi Azərbaycan dövlətinin əsaslarını təsbit edən mühüm və bitkin normativ sənəddir. Lakin qanunvericilik prosesi daim inkişaf etdiyi, dinamik olduğu və dövrün tələblərinə uyğunlaşdığı zaman daha mükəmməl və təc­rübi əhəmiyyətə malik olur. Bu baxımdan Azərbaycan Respublikasının beynəlxalq arenaya inteqrasiyasının gücləndiyi və hüququn müasir inkişafı şəraitində Konstitusiya islahatları­nın aparılması zərurətə çevrilmişdir. Məhz bu zərurətdən qaynaqlanaraq 2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də referendum keçirilməklə Konstitusiyaya əlavə və dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklər, ilk növbədə, cəmiyyətimizin inkişafından doğan və Konstitusiyanın, bütövlükdə, hüquq sisteminin təkmilləşdirilməsi, demokratikləşdirmə proseslərinin dərinləşdirilməsi və insan hüquqlarının daha səmərəli müdafiə edilməsi zərurətindən irəli gəlmişdir.

Sonda birinci, ikinci və üçüncü yerlərin qalibləri fəxri fərmanla və medallarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə