YAP Sabunçu rayon təşkilatında Bayraq Günü qeyd edildi

YAP Sabunçu rayon təşkilatında Bayraq Günü qeyd edildi

Bu gün YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə partiyanın 25 illik yubileyi və Bayraq Gününə həsr edilən tədbir keçirilib. Rayon təşkilatının qərargahında keçirilən tədbirdə Dövlət Himnini səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş filmə baxış olub.

Tədbiri giriş sözü ilə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva açaraq bildirib ki, xalqımız həm Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyini, həm də 9 Noyabr Bayraq Gününü qeyd edir. Bu tarixi hadisələr hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi müstəqil Azərbaycanın tarixində əhəmiyyətli hadisədir və Azərbaycanın bugünkü inkişafı, tərəqqisi hər bir Azərbaycan vətəndaşında, Yeni Azərbaycan Partiyasının hər bir üzvündə qürur hissi yaradır. Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə dövlətin yeniləşmə siyasətinə dəstəyini təsdiqləyir. Bu gün inkişafın Azərbaycan modelinin mövcudluğunun beynəlxalq səviyyədə təsdiqlənməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasətə və bu siyasətin layiqli davamçısı YAP Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə söykənir".

M.Abasquliyeva çıxışında onu da vurğuladı ki, bu gün ölkəmizin bütün güşələrində dalğalanın, dövlətimizin suverenlik rəmzi sayılan bayrağımızın zəngin tarixi var: "Azərbaycan bayrağı milli ləyaqət simvolumuzdur. Onu başı üzərində uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilmiş və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur".

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Tələbə-Gənclər Təşkilatı İttifaqının sədri Şahin İsmayılov, Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Gənclər Birliyinin Sədri Seymur Orucov və başqaları çıxış edlərək, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışıblar. Çıxış edənlər, həmçinin, vurğulayıblar ki, dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür.

Tədbirin sonunda YAP-ın yaranmasının 25 illik yubileyi münasibəti ilə bir qrup partiya fəalları fəxri fərmanlarla təltif ediliblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə