İstanbulda keçirilən beynəlxalq sərgidə Azərbaycan milli pavilyonla təmsil olunur

İstanbulda keçirilən beynəlxalq sərgidə Azərbaycan milli pavilyonla təmsil olunur
Bu gün İstanbulda (Türkiyə) CeBIT Bilişim Eurasia 2010 illik beynəlxalq informasiya texnologiyaları sərgi və konfransına start verilir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, CeBIT Bilisim Eurasia regionun ən iri İKT-sərgisidir və Azərbaycan artıq bir neçə ildir ki, bu mühüm tədbirlə yaxından maraqlanır. Bununla belə məhz builki sərgidə respublika ayrıca pavilyonla təmsil olunur ki, bunun sayəsində Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsindəki potensialını nümayiş etdirmək və ölkəyə ən yeni texnologiyaları cəlb etməyə imkan yaranacaq.

Dövlət və özəl sektorun təmsilçilərindən ibarət Azərbaycan nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəhbərlik edir. Azərbaycanın milli pavilyonunda respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələrin nümayişi nəzərdə tutulur. Eyni zamanda, Milli pavilyonda Azərbaycan hökuməti tərəfindən irəli sürülən və regionun 20-dən çox ölkəsinin yüksəksürətli informasiya şəbəkəsi ilə təmin edəcək Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi xüsusi yer alacaq. Həmçinin sərgidə Regional İnnovasiya Zonasının yaradılması, eləcə də ölkənin ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması və həmçinin, təhsil və digər sahələrdə İKT-nin tətbiqinə dair layihələr də təqdim olunacaq.

Dövlət sektorundan başqa pavilyonda ölkənin özəl İKT-şirkətlərinin də nailiyyətləri əks olunacaq. Azərbaycanı sərgidə təmsiledən nümayəndə heyətinin tərkibinə 10-dan çox özəl İKT şirkətlərinin nümayəndələri daxildir. Sərgi oktyabrın 10-a kimi davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə