QHT rəsmisi D-8 zirvə görüşünün üstünlüklərindən danışdı AÇIQLAMA

“İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə Toplantısında Azərbaycan Prezidenti qardaş Türkiyə Prezidentinin dəvəti ilə - xüsusi qonaq olaraq iştirak edirdi. Bu, ilk növbədə, Türkiyə - Azərbaycan qardaşlığının, dostluq və qonşuluğunun səviyyəsini dosta da, bizim analoqsuz yaxınlığımızdan şad olmayanlara da bir daha göstərdi”. Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İH üzvü Əkbər Qoaşlı deyib.

Onun sözlərinə görə, ikincisi, D-8 Zirvə Toplantısına dəvət, orada iştirak və keçirilən görüşlər, respublikamızın, dövlət başçımızın beynəlxalq səviyyədə nüfuz sahibi olduğunu göstərdi: “İlham Əliyev cənablarının İstanbul Zirvə Toplantısında çıxışı, dövlət müstəqilliyini 26 il öncə bərpa etmiş Respublikamızın nəinki bölgə üçün, eyni zamanda, Avrasiya, türk-müsəlman dünyası və bütövlükdə dünya üçün önəmli dövlət olduğunu bir daha göstərdi.

Üçüncüsü, əlverişli geopolitik mövqeyə, zəngin karbohidrogen ehtiyatlarına malik olan, Asiya ilə Avropanın iqtisadi işbirliyi üçün önəmli layihələrin müəllifi, fəal iştirakçısı, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa özünəməxsus töhfələr verən ölkəmizin D-8 üzvləri üçün hansı imkanlara sahib olduğunu bu Zirvə Toplantısında bir daha ifadə etmək imkanımız oldu.

Əlbəttə, dövlət başçımızın D-8 Zirvə Toplantısında ölkələrə, uluslararası qurumlara bir daha müraciət etməsi, mültikultralizmi, tolerantlığı, bir sözlə, insanlığı önə çəkməsi xüsusi ilə fərqləndirilməlidir. Bir xeyli öncə BMT ali tribunasından etdiyi tarixi çıxışının davamı kimi səciyyələndirilə biləcək bu çıxış, ayrıca, müsəlman ölkələrinə cəsarətli müraciət də tarixi mahiyyət daşıyır. Bilirsiz, bu, çox ciddi ismarıcdır və “D-8” Zirvəsinin nəticələrindən biri kimi, qarşı dönəmlərdə özünəməxsus nəticələr verəcəyinə, müraciəti dinləyən dövlət başçılarının qarşılıqlı maraq kəsb edən mövzuların bütün spektri boyunca düşünəcəyinə inanıram”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...