GUAM XİN rəhbərlərinin geniş formatda görüşü olub

GUAM XİN rəhbərlərinin geniş formatda görüşü olub

Gürcüstanda GUAM-ın yaranmasının 20-ci ildönümü ilə əlaqədar təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin geniş formatda görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə təşkilatın yaranmasından keçən 20 il ərzində görülən işlər, qarşıda duran vəzifələr, strateji planlar, təhlükəsizlik, dövlətlərin ərazi bütövlüyü, münaqişələrin həlli, regionda həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri, GUAM daxilində əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə edilib. Toplantıda GUAM ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrildiyini vurğulayıb.

Elmar Məmmədyarov deyib: “GUAM-a üzv dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı Azərbaycanın müvafiq bəyanatları var. Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Sonda fəaliyyət planı və əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə