Azərbaycan Avropanın tələblərini qəbul etmək məcburiyyətində deyil!

Azərbaycan Avropanın tələblərini qəbul etmək məcburiyyətində deyil!

Yaxud, Avropa “ağıllıları” ölkəmizdə ağır xəstəliklər yaradacaq və genofondumuza zərbə vuracaq hallara qarşı aparılan mübarizəyə necə kölgə salmağa çalışırlar?

Son zamanlar bir sıra Avropa və bütövlükdə Qərb təşkilatlarının, eləcə də media qurumlarının Azərbaycana qarşı apardıqları qərəzli kampaniyaların tərkibinə daha biri də əlavə olunub. Daha dəqiq desək, hər zaman özlərini “insan haqlarının çılğın mübarizləri” kimi qələmə verən məlum dairələr və Avropa KİV-ləri ölkəmizlə bağlı yeridilən ikili standartlardan çıxış etmələri ilə yanaşı, indi də cinsi azlıqların “diskriminasiyaya” uğradıqlarını iddia edirlər. Lakin bəri başdan onu da qeyd etməliyik ki, Azərbaycanın milli-mənəvi dəyərləri, xalqımızın ictimai baxışı tarixlər boyu bu cür rüsvayçı halı qəbul etməməklə yanaşı, eyni zamanda həmin hallara qarşı neqativ mövqe sərgilənib. Bu isə anlaşılandır və cinsi azlıqlara qarşı mənfi münasibət yalnız Azərbaycanda deyil, bütövlükdə Qafqaz xalqları arasında qəbul edilməyən tendensiyalar sırasında yer almaqdadır. Və əgər avropalılar bu amili əllərində bayraq edərək Azərbaycana qarşı “silah” kimi istifadə etməyə cəhdlər göstərirlərsə, kökündən yanılırlar. Çünki Azərbaycan xalqı heç də Avropanın qəbul edilməyən maraqlarını qəbul etməyə məcbur deyillər və olmayacaqlar da!

Lakin gəlin görək, Qərb və Avropa mediası son vaxtlar ölkəmizdə ağır xəstəliklər yaradacaq və genofondumuza zərbə vuracaq hallara qarşı aparılan qanun çərçivəsindəki mübarizəyə necə kölgə salmağa çalışırlar. Misal üçün, "The Independent" yazır ki, “insan haqları qrupları Azərbaycan hökumətini həbs olunduğu söylənən onlarca cinsi azlıq nümayəndəsinin azadlığa buraxılmasını tələb ediblər”.

Yaxud, homoseksualların hüquqlarını müdafiə edən beynəlxalq ILGA təşkilatı bildirir ki, “xəbərləri yayılan reydlərin tam miqyasını müəyyənləşdirmək mümkün deyil, lakin Azərbaycan LGBT şəxslərin təqib olunduğu yer kimi tanınır.

ILGA təşkilatının Avropa üzrə icraçı direktoru Evelyne Paradis bəyan edib ki, "LGBT icması nümayəndəsi olduğu düşünülən şəxslərin hədəflənməsinə heç cür haqq qazandıra bilməz". (?!-R.N.)

Göründüyü kimi, ortaya çıxanlar Avropa və Qərb dairələrinin ölkəmizdə keçirilən qanunamüvafiq reydlərin əleyhinə çıxışları məqsədlidir və birbaşa Azərbaycanın ictimai-siyasi maraqlarına qarşı istiqamətlənib. Ancaq gəlin görək, hüquq-mühafizə qurumları həqiqətənmi qeyri-qanuni hərəkətlərə yol veriblər?

Bunun üçün heç də uzağa getməyərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin media üçün açıqladığı rəsmi məlumatını oxumaq kifayətdir. Həmin məlumatda bildirilir ki, məhz vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakı şəhərinin mərkəzi hissəsində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, hətta imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədi ilə şəhərin Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək həyata keçirilmiş tədbirlərdə 83 nəfər saxlanılmışdır.

Bu rəsmi məlumatdan həm də belə bir nəticəyə gəlmək olar ki, bilavasitə “AİDS” (QİÇS), və s. yoluxucu, hətta sağalmaz xəstəliklərə səbəb olan homoseksuallıq, lezbiyanlıq faktorlarının qarşısının alınması əslində daha da aktuallaşdırılmalıdır və bunu bilavasitə vətəndaşlar tələb edirlər. Çünki yuxarıda da qeyd edildiyi kimi, ortada Azərbaycanın tarixlərə söykənən və heç vaxt dəyişilməyəcək milli-mənəvi dəyərləri mövcuddur.

Nə dini, nə də mənəvi-əxlaqi baxımından qəbul edilməyən bu çirkinliklərin qarşısının alınması həm də milli genofondumuzun qorunmasına yönəlmiş əhəmiyyətli addım olaraq qiymətləndirilməlidir.

Eyni zamanda, övladlarının milli dəyərlərimizə söykənən üslubda təlim-tərbiyəsi, əxlaq pozuntularına yol verilməməsi baxımından da vətəndaşlar hüquq-mühafizə orqanlarına üz tutub, şikayət ediblər.

Digər tərəfdən, cinsi azlıqlar yalnız mənəviyyatı kirləndirməklə deyil, törətdikləri cinayət əməlləri ilə də bağlı necə deyərlər, “ad çıxarıblar”. DİN-nin rəsmi məlumatında bildirilir ki, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilərək məhkəmələrə göndərilib, 56 şəxs barəsində müxtəlif müddətlərə inzibati həbs tənbehi seçilib, 18 nəfərə inzibati qaydada cərimə, 9 nəfərə xəbərdarlıq edilib.
Yeri gəlmişkən, əgər bu gün Avropalı LGBT təşkilatları baş verənlərdən bu qədər narahat olublarsa, onlar da DİN-in rəsmi məlumatına nəzər sala bilərlər. Çünki sözügedən rəsmi məlumatda o da qeyd olunur ki, saxlanılan şəxslərin hüquqlarını müdafiə edən vəkillərin müraciətləri nəzərə alınaraq inzibati həbs olunanlardan 32 nəfəri müalicə üçün Dəri-Zöhrəvi dispanserlərə göndərilib, zöhrəvi xəstəlik aşkar edilməmiş 24 nəfər isə inzibati həbsdən azad olunublar.
Lakin ciddi siqnallar da göz önündədir. Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda vurğulanır ki, tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6-da “AİDS”, 6-da “HİV”, 16-da “sifilis”, 2-də “kəskin uretrit, candida albikas və trixomonias”, 2 nəfərdə isə “Hepatit HVC” virusu aşkarlanıb, digərlərində zöhrəvi xəstəliklərin olub-olmamasının müəyyənləşdirilməsi, eləcə də onlar tərəfindən bu xəstəliklərin məqsədli şəkildə yayılmasının qarşısının alınması istiqamətində səhiyyə orqanları ilə birgə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Buyurun, məgər görülən tədbirlər yersizdirmi? Yaxud, bu gün Qərb və Avropa mediasının “ağıllıları” bu qədər insan haqlarının müdafiəçilərinə çevriliblərsə, nəyə görə aşkar edilən və adlarından belə vahiməlin görünən xəstəliklər barədə heç nə demirlər? Yaxud, onlar həqiqətən də bu qədər insan haqlarının müdafiəçiləridirlərsə nəyə görə narahat olurlar, axı ən azından digər insanları yoluxdura biləcək bu qədər potensial xəstəlik daşıyıcıları müəyyən edilib!

Bu baxımdan, sözügedən məsələləri araşdırdıqca, nəticəyə gəlmək olar ki, ayrı-ayrı yerli və xarici kütləvi informasiya vasitələrində cinsi azlıqlara qarşı guya təqiblərin olması və onların hüquqlarının pozulması barədə deyilənlər özündə heç bir həqiqəti əks etdirmir. Çünki bənzər tədbirlərin keçirilməsində məqsəd yalnız ictimai qaydanı pozmaqla vətəndaşların şikayətlərinə səbəb olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi və ağır nəticələrə səbəb olan yoluxucu zöhrəvi xəstəliklərin yayılmasının qarşısının alınmasıdır.

Sonda isə daha bir amilə toxunmaq istərdik. Məsələ ondadır ki, Azərbaycan cinsi azlıqların hüquqlarının müdafiəsi ilə bağlı heç bir beynəlxalq konvensiyalara qoşulmayıb və bunun da səbəbləri yuxarıda qeyd olunub. Bu baxımdan, avropalı LGBT “ağıllıları” hesab etməsinlər ki, onların maraqları ölkəmizdə tətbiq edilə bilər. O cümlədən, Azərbaycan xalqı heç də Avropa təşkilatlarının hər dediyi tələbləri, xüsusilə mövcud məsələni qəbul etmək məcburiyyəti daşımır. Yaxşı olardı ki, avropalılar öz daxillərində baş verən dini, irqi və s. zəminlərdə baş alıb gedən diskriminasiyaların qarşısını almaqdan ötrü “ağıllarını” işə salsınlar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə