"Qərbin Azərbaycana münasibəti qərəzlidir" MÖVQE

“Ərazi üzrə vətəndaşların çoxsaylı müraciətləri əsasında Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşlarının həyata keçirdikləri tədbirlər qanun çərçivəsində icra edilib və heç bir qanunsuzluğa yol verilməyib. Tədbirlər şikayətlər əsasında həyata keçirilib”. Bu fikirləri SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət açıqlamasında deyib.

Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində saxlanılan şəxslərin əksəriyyətində çox ağır xəstəliklə aşkar edilib ki, bu xəstəliklər başqalarına yoluxa bilərdi: “Onların heç biri həbs olunmayıb, sadəcə olaraq profilaktik tədbirlər görülüb. Lakin çox təəssüf ki, istər Avropa strukturları, istərsə də beynəlxalq media The Guardian”, və “New York Times” kimi qəzetlər bu məsələni də Azərbaycanda insan hüquqlarının pozulması kimi qələmə verməyə çalışırlar. Halbuki burada insan hüquqlarının pozulması ilə bağlı heç bir fakt yoxdur”.

A.Həsrət deyib ki, bu cür medianın, Qərb siyasət adamlarının və ictimai rəyi formalaşdıran şəxslərin belə bir kampaniya aparması bir daha təsdiq edir ki, onlar nə olur-olsun Azərbaycana qarşı hücum üçün fürsət gözləyirlər: “Onlar istənilən hadisə baş verdikdə onun məğzini və mahiyyətini araşdırmadan ölkəmizi ittiham etməyə çalışırlar. Təbii ki, belə bir yanaşma onların qərəzindən, ikili standartlardan xəbər verir. Burada məqsəd insan hüquqlarının müdafiəsi deyil, sadəcə ələ düşən fürsətdən istifadə edib Azərbaycana hücum etməkdir”.

QHT sədri bildirib ki, Azərbaycan belə bir Qərbi və Avropanı özünə örnək götürə bilməz: “Əgər belə davam edərsə, o zaman Azərbaycan Qərblə münasibətlərinə yenidən baxmağa məcbur olacaq. Çünki biz Qərblə münasibətləri quranda dövlət olaraq məqsədimiz oradakı insan hüquqları və demokratiya sahəsindəki yüksək dəyərləri öyrənmək idi. Amma biz görürük ki, Qərb ölkələri davamlı şəkildə Azərbaycana qarşı qərəzli münasibət göstərirlər. Faktiki olaraq ortalıqda heç bir problemin olmasına baxmayaraq ölkəmizi ittiham edirlər. Əksinə mən düşünürdüm ki, Qərb mediası Azərbaycan Daxili İşlər Nazirliyi və Baş prokurorluq tərəfindən həyata keçirilən tədbirləri alqışlayacaq. Çünki, həmin şəxslərdə aşkarlanan yoluxucu xəstəliklərin təkcə Azərbaycan vətəndaşlarının deyil, Qərb ölkələrinin vətəndaşlarına da keçmə ehtimalı var. Çünki, azərbaycanlılardan fərqli olaraq, Qərb ölkələrində bu cür insanlara meyl daha çoxdur. Azərbaycan əslində onların faydası üçün addım atıb. Onlar bu addımı təqdir etmək əvəzinə, tənqid yolu tutublar. Bu artıq qərəzin həddin aşması kimi dəyərləndirilməlidir”.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov məsələy münasibətində bildirib ki, Avropa strukturları, istərsə də beynəlxalq mediada 83 nəfərin saxlanması ilə bağlı səslənən fikirlər Azərbaycanla bağlı ikili standartlığın bariz nümunəsidir.

Onun sözlərinə görə, Azərbaycanda hər hansı hüquq mühafizə orqanı, istər Baş Prokurorluq, istərsə Daxili İşlər Nazirliyi istənilən formada əməliyyat keçirə bilər: “Bu, Azərbaycanın daxili işidir. Əslində bu cür məsələlər təəccüb doğurur. Çünki dünyanın istənilən ölkəsində belə əməliyyatlar keçirilir. Lakin Azərbaycana gəldikdə nədənsə qərəzli mövqe nümayiş etdirilir”.

“Çox təəssüf ki, dünyada beynəlxalq hüquq ikili formada işləyir. Azərbaycanın müstəqil siyasət yürütməsi, güclənməsi, Cənubi Qafqazda lider ölkəyə çevrilməsi, söz sahibinə çevrilməsi ermənipərəst dairələri, müsəlman dünyasına qarşı mübarizə aparan ekstremist qüvvələri narahat etməyə başlayıb ki, bunun da nəticəsində ölkəmiz son zamanlar daha çox təzyiqlərlə üzləşməyə başlayıb. Əgər ikili standartlar olmasaydı, Azərbaycan da bu cür ədalətsiz mövqelərlə rastlaşmazdı”- deyə, QHT sədri əlavə edib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakı şəhərinin mərkəzi hissəsində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, hətta imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədi ilə şəhərin Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşlarının sentyabrın 15-dən 30-dək keçirdiyi tədbirlərlə 83 nəfər saxlanılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə