Azay Quliyev BMT eksperti ilə gender layihələrini müzakirə edib

Azay Quliyev BMT eksperti ilə gender layihələrini müzakirə edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Şuranın ofisində BMT-nin Qadın Məsələləri üzrə İnkişaf Fondunun (UNİFEM) eksperti xanım Linda Herşkoviçlə görüşüb. SİA-ya Şuradan verilən məlumata görə, L.Herşkoviç qeyd edib ki, UNİFEM-in Qazaxıstanda yerləşən regional nümayəndəliyinin təşəbbüsü ilə Azərbaycanda həyata keçirilməsinə başlanan layihənin məqsədi hökumət, özəl və qeyri-hökumət sektorlarında çalışan qadınların statusu və vəziyyəti ilə bağlı strategiyanın hazırlanmasıdır. Qonaq mövzu üzrə vəziyyətlə tanışlıq qismində Şuranın gender siyasəti və qadın məsələləri ilə bağlı maliyyələşdirdiyi layihələrlə maraqlandığını bildirib.

 

A.Quliyev gender məsələlərinin Şuranın maliyyələşdirdiyi prioritet istiqamətlərə daxil olduğunu bildirib və bu sahədə yüzlərlə fəal QHT-nin olduğunu qeyd edib. A.Quliyev cəmiyyətdə müəyyən aktuallığı ilə seçilən bu məsələlərə Şuranın beynəlxalq təşkilatlarla imzaladığı birgə maliyyə yardımı müsabiqələrində də geniş yer verildiyini söyləyib. Bu sahədə çalışan QHT-lərə beynəlxalq dəstəyin verilməsində Şuranın həm də bir körpü rolunu oynadığını deyən Şura sədri rəhbərlik etdiyi qurumun UNİFEM-lə də əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə