Milli Məclisin bugünkü iclasında ilk öncə 2010-cu il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olunub. SİA-nın məlumatına görə, müzakirələr zamanı çıxış edən millət vəkili Əli Məsimli "Təhsil kreditləri haqqında" qanun layihəsinin payız sessiyasının qanunvericilik işləri planına daxil edilməsini təklif edib. O bildirib ki, bu qanun sosial vəziyyəti aşağı olanların oxuması üçün şərait yaradacaq.
Qeyd edək ki, bu təkliflə bağlı çıxış edən Xanhüseyn Kazımlı və Vahid Əhmədov da qanun layihəsinin müzakirəyə çıxarılmasının vacibliyini vurğulayıblar.
Bundan əlavə millət vəkili Vahid Əhmədov Rəqabət Məcəlləsinin də müzakirəyə çıxarılması təklifi ilə çıxış edib. O qanun layihəsinin müzakirəyə çıxarılmasına mane olan səbəblərin açıqlanmasını tələb edib.
Müzakirələr zamanı millət vəkilləri Musa Quliyev, Eldar İbrahimov, Arzu Səmədbəyli, Qənirə Paşayeva, İqbal Ağazadə və digərləri bəzi qanun layihələrinə əlavə və dəyişikliklər edilməsi təklifi ilə çıxış ediblər.
Müzakirələrdən sonra plan səsverməyə çıxarılaraq qəbul olunub. İclasın davamında, gündəliyə daxil olan ikinci məsələ Naxçıvan MR Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında Konstitusiya qanunu müzakirə olunub.
Müzakirələrdən sonra qanun səsverməyə qoyularaq qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB