Ziyafət Əsgərov: “İyirmi ildir müxalifətdəsiniz, amma heç 20 santimetr irəli getməmisiniz” - RƏY

Ziyafət Əsgərov: “İyirmi ildir müxalifətdəsiniz, amma heç 20 santimetr irəli getməmisiniz” - RƏY
Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı "Müsavat" deputat qrupunun üzvü deputat Pənah Hüseyn və bəzi millət vəkilləri arasında mübahisə yaranıb. SİA-nın verdiyi xəbərə görə, millət vəkili P.Hüseynin Müsavat Partiyasının MSK-ya təqdim etdiyi nümayəndələrin təsdiqi ilə bağlı məsələnin parlamentin sessiyasının gündəliyinə salınması və vaxtı ilə mövcud olmuş Ləl-Cavahirat Fondunun ehtiyatlarının sonrakı taleyini aydınlaşdırmaq üçün komissiya yaradılması təklifləri millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa və YAP-dan olan deputat Siyavuş Novruzov tərəfindən etirazla qarşılanıb.

Bununla bağlı çıxış edən F.Mustafa Müsavat Partiyasının bu günədək hansı səbəbdən MSK-ya nümayəndə göndərmədiyini anlamadığını, seçkiyə az qalmış buna qərar verməsinin başa düşülən olmadığını vurğulayıb. O deputatları buna səs verməməyə çağırıb. Bundan əlavə millət vəkili BQP-ni hakimiyyətlə əlaqədə ittiham edən Müsavat Partiyasını iqtidarla işbirliyində qınayıb.

Daha sonra məsələyə münasibət bildirən millət vəkili S.Novruzov Müsavatın MSK-ya təqdim etdiyi nümayəndələrin təsdiqlənməməsini istəyib. O bununla Müsavatın MSK-da qarışıqlıq salmaq istəyində olduğunu vurğulayıb. Ləl-Cəvahirat Fondu ilə bağlı komissiyanın yaradılması məsələsinə gəlincə, millət vəkili bunun elə o dövrdə hakimiyyətdə olan şəxslərin əleyhinə yönələcəyini vurğulayıb: "Fondu talayanları müəyyənləşdirmək üçün komissiyanı yaratmaq lazımdır. O zaman bu talançılığa rəhbərlik edənlər barəsində cinayət işi başlanmalı və onlar həbs edilməlidir. O sıradan sənin barəndə də cinayət işi başlanmalıdır".

İclasın davamında bu məsələyə vitse-spiker Ziyafət Əsgərov da qoşulub. P.Hüseynin bəzi fikirlərinə irad tutan Z.Əsgərov: "İyirmi ildir müxalifətdəsiniz, amma heç 20 santimetr irəli getməmisiniz. Oxumaq, mütaliə etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə