Şahin Yusifov: "Prezidentin sərəncamından sonra məhkəmələr cəsarətli olublar"

Şahin Yusifov: "Prezidentin sərəncamından sonra məhkəmələr cəsarətli olublar"

"Cəza siyasətinin humanistləşdirilməsi sahəsində uzun müddət görülən tədbirlərə baxmayaraq, bir çox hallarda şəxslər barəsində həbs-qəti imkan tədbirlərinin seçilməsinə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə üstünlük verirlər. Bunun da obyektiv və subyektriv səbəbləri var. Obyektiv səbəblər hazırda qüvvədə olan cinayət qanunvericiliyində olan bir sıra boşluq və çatışmazlıqlardır. Yeni müzakirəyə çıxarılan qanun layihəsində bu boşluqlar aradan qaldırılıb". SİA-nın xəbərinə görə, bunu Ali Məhkəmənin cinayət kollegiyasının sədri Şahin Yusifov Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklə bağlı aparılan ictimai müzakirələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azadlıqdan məhrum etmə ilə yanaşı Cinayət Məcəlləsində nəzərdə tutulan ictimai işlər cəzası bir sıra hallarda mümkünsüz olurdu: "Belə olan təqdirdə məhkəmələr azadlıqdan məhrum etmə cəzasını əsas götürərək bu cəzanı təyin edirdilər. Digər tərəfdən yüksək məbləğlərdə cərimə, islah işləri, ictimai işlər cəzaları icrasız qalırdı".

Ş.Yusifov vurğulayıb ki, Prezident İlham Əliyevin cari ilin fevral ayında imzaladığı sərəncamdan sonrakı 8 ay dövründə hüquq mühafizə və məhkəmə sistemində canlanma baş verib: "Bu gün ibtidai araşdırmalara rəhbərlik edən prokurorlar az ağır cinayətlər törətmiş və ümumiyyətlə, həbs-qəti imkan tədbirinin seçilməsi üçün əsasları olmayan şəxslər barəsində təqdimatların verilməsini dayandırıblar. Məhkəmələr cəsarətli olublar. Belə təqdimatlar olsa da, bir sıra hallarda həmin təqdimatarın rədd edilməsi haqqında qərarlar qəbul edilir və məhkəmələr təqsirləndirilən şəxslər barəsində həbs qəti imkan tədbirlərinin seçilməsindən imtina edirlər. Ədliyyə Nazirliyinin məlumatına görə, bu, nəticədə qısa müddət ərzində həbs edilmiş şəxslərin 30 faiz azalmasına səbəb olub".

Subyektiv amillərlə bağlə azadlıqdan məhrum etmə cəzası məsələsinə gəldikdə.Ali Məhkəmənin cinayət kollegiyasının sədri söyləyib ki, bu amillərdən biri məhkəmələr tərəfindən cinayət qaunvericiliyində nəzərdə tutulmuş tələblərin tam nəzərə alınmaması, bir sıra hallarda ümumiyyətlə yerinə yetirilməməsidir: "Bunlar əsasən Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiqində öz əksini tapır. Burada cəzaların kifayət qədər yüngülləşdirilməsi üçün hallar müəyyən edilsə də, şəxsə məhkəmələr tərəfindən maddənin sanksiyasında nəzərdə tutulan cəzanın daha yüngülünə əsas olan halları nəzərə almırlar. Nəticədə cinayət törədənlər, əsasən də az ağır cinayət törətmiş şəxslər yalnız azadlıqdan məhrum edilirlər. Hesab edirəm ki hazırki qanun layihəsi bu cəza ilə yanaşı alternativ cəza növlərinin təyininə əsas verəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə