Əli Əhmədov: “Seçkilərə partiya siyahısından kənar qatılan YAP üzvləri barədə ölçü götürəcəyik” - MÜNASİBƏT

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov partiyanın iki dairədən parlamentə namizədlərini dəyişməsi məsələsinə münasibət bildirib.

SİA-nın məlumatına görə, jurnalistlərə açıqlama verən Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası 2005-ci il seçkilərində 107 saylı seçki dairəsi üzrə xalq şairi Vaqif Səmədoğlunun namizədliyini dəstəkləyib. Lakin bu seçkilərdə V.Səmədoğlu həmin dairədən namizədliyini irəli sürmədiyinə görə, partiya Əhməd Vəliyevi ora namizəd göndərib: "O ki qaldı 34 saylı seçki dairəsi üzrə Gülər Əhmədovanın namizədliyinin irəli sürülməsinə, YAP ötən seçkilərdə o dairədə uğur qazanmadığı üçün, 34 saylı seçki dairəsinə daha güclü namizəd irəli sürüb".

Bundan əlavə Ə.Əhmədov bəzi YAP üzvlərinin seçkilərə siyahıdan kənar şəkildə qatılmasına da münasibət bildirib. O bəzi YAP üzvlərinin seçkilərə siyahıdan kənar şəkildə qatılmasını nizam-intizamı pozmaq kimi qiymətləndirib. Ə.Əhmədov həmin şəxslər barəsinə ölçü götürüləcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə