"Azərbaycanın reytinqdə yüksəlməsi həyata keçirilən iqtisadi islahatlarla əlaqədardır" AÇIQLAMA

"Azərbaycanın reytinqdə yüksəlməsi həyata keçirilən iqtisadi islahatlarla əlaqədardır" AÇIQLAMA

“Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqinin daha iki pillə yüksələrək 35-ə çatması hər şeydən öncə ölkəmizdə həyata keçirilən mühüm iqtisadi islahatlarla əlaqədardır”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu göstərici ilə Azərbaycan MDB məkanında birinci olmaqla, hətta İtaliya, Rusiya, Türkiyə, Hindistan, İndoneziya kimi bir sıra G20 ölkələrini arxada qoyaraq öz yerini iqtisadi rəqabətlilik baxımından çox ciddi şəkildə möhkəmləndirib: “Əgər biz müəyyənləşdirilmiş kriteriyalara diqqət yetirsək, görəcəyik ki, belə hesabatlar zamanı 12 indikator üzrə qiymətləndirmələr aparılır və bu indikatorların əslində necəliyi də reytinqi müəyyənləşdirir. Bu baxımdan Azərbaycan "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda 12 indikator testindən 9-u üzrə çox yüksək nəticələr göstərib. Azərbaycanı 35-ci pilləyə daşıyan da elə bu göstəricilərdir. Biz hər bir göstəricini təhlil etməyə çalışsaq, görəcəyik ki, 2014-2015-ci illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və struktur islahatları bu uğuru əldə etməyimizə səbəb olub”.

Azərbaycanda 2014-2015-ci illərdə baş verən iqtisadi proseslərdən sonra ciddi institusional və struktur islahatlarının aparıldığını deyən H.Babaoğlu söyləyib ki, görünür, bu islahatların aparılması və onun effektiv nəticələri Dünya İqtisadi Forumunun diqqətindən yayınmayıb: “Qısa müddətdə bəlli olub ki, aparılan islahatlar strateji xarakterli və effektiv islahatlardır. İkinci indikator olan infrastruktur üzrə Azərbaycan 4 pillə irəliləyib. Doğrudan da, Azərbaycanda yeni infrastrukturun yaradılması ilə bağlı çox böyük işlər görülüb. İnfrastruktur isə ölkənin iqtisadi inkişafını şərtləndirən əsas baza komponent hesab olunur. Çünki magistral yollar, kommunikasiyalar, enerji və rabitə təchizatı olmasa sahibkarlığın və iqtisadi göstəricilərin inkişafından da danışmaq olmaz. İkinci indikator üzrə irəliləyişimizdə ölkəmizdə həyata keçirilən infrastruktur islahatları böyük rol oynayıb. Yolların çəkilməsi, su və qaz təchizatı kimi mühüm məsələlər məhz növbəti indikator üzrə irəliləyişimizi təmin edib”.

“Üçüncü indikator isə səhiyyə, tibb, təhsil, üzrə olan indikatordur ki, burada da yenə Azərbaycanda tibb, səhiyyə və təhsil sahəsində aparılan islahatlar diqqəti cəlb edib. Biz bu indikator üzrə təqribən 6 pillə irəliləmişik. Çünki Azərbaycanda icbari sığortanın tətbiqi ilə bağlı artıq Mingəçevir və Yevlax şəhərində pilot layihələr həyata keçirilir. Bütövlükdə Azərbaycanda çoxsaylı tibbi diaqnostika mərkəzləri, xəstəxanalar tikilib. Bunların ümumi sayı ötən 15 il ərzində 600-dən çox olub. Bu isə Azərbaycanda səhiyyə xidmətində yeni keyfiyyət dəyişikliyi yaradıbdır. Ona görə də haqlı olaraq bu məsələdə də yüksək qiymətləndirilib”- deyə, deputat qeyd edib.

Deputatın fikrincə, Azərbaycanın sözügedən reytinqdə əmtəə, əmək və maliyyə bazarının səmərəliliyi üzrə irəliləyiş əldə etməyinin səbəbi bu üç komponentin bir-birini tamamlamasıdır: “Əgər əmtəə istehsal olunursa, onun bazarı formalaşır, əmək bazarına peşəkar kadrların təqdim olunması və əmək istehsal münasibətlərində yeni keyfiyyət, bu münasibətlərin cəmi isə maliyyə münasibətləri yaradır. Biz bilirik ki, uzun müddət Azərbaycanda daxili istehsalın artırılması və regionlarda rəqabət qabiliyyətli, ixrac yönümlü istehsalının formalaşdırılması, prosesi həyata keçirilir və müvafiq indikatorlar üzrə uğurların əldə edilməsi də bununla əlaqədardır”.

“Biznes, innovasiyalar və digər komponentlər üzrə Azərbaycanın irəliləməsində isə sahibkarlığın inkişafı ilə bağlı milli fondun yaradılması, biznes mühitinin yaxşılaşdırılması, ölkəyə sərmayə gətirən və istehsal vasitəsi hesab olunan malların gömrük rüsumundan azad edilməsi kimi faktorlar öz rolunu oynayıb. Nəticədə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən bu tədbirlər Azərbaycan iqtisadiyyatını, rəqabət qabiliyyətliliyini artırmaqla onu cəlbedici edib. Buna görə də Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın 35-ci yerdə qərarlaşması ölkəmizdə həyata keçirilən islahatlar və onun qısa müddətdə verdiyi effektiv nəticələrlə əlaqədar olub və bütün bunlar isə təkcə qiymətləndirmə ilə məhdudlaşmır. Həyata keçirilən bu islahatlar növbəti mərhələdə də Azərbaycanın daha sürətlə inkişaf etməsi, ölkəmizdə rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşması və iqtisadi inkişafın yeni mərhələsinin təmin olunması baxımından da əhəmiyyətlidir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə