Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqqları Şurası İsrailin Qəzzaya yardım aparan gəmilərə basqınla bağlı istintaq hesabatını təsdiqləyən qanunu qəbul edib. SİA-nın məlumatına görə, İslam Konfransı Təşkilatına (İKT) üzv 57 ölkə adından Pakistan tərəfindən təqdim edilən qanun layihəsinin lehinə 30, əleyhinə isə bir ölkə səs verib. 15 üzv ölkə isə bitərəf qalıb. Qanuna yalnız ABŞ-ın "xeyr" səsi verməsi diqqət çəkib.
BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində Bostonda olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın hesabata "xeyr" səsi verməsindən təəssüfləndiyini bildirib: "Dost və müttəfiq ölkələrin insan haqqları mövzusunda göstərdikləri həssaslıqları burada da göstərmələrini gözləyirdik. Ümid edirik ki, gələcəkdə bu məsələyə həssaslıqlarını göstərəcəklər. Bu yalnız Türkiyənin məsələsi deyil, insanlıq və vicdan məsələsidir".
Hesabata bitərəf qalan Avropa Birliyi ölkələrini də tənqid edən Ə.Davutoğlu bu ölkələri Avropa İnsan Haqqları Konvensiyasinin ayaq altında qalmasına şərait yaradan mövqelərini bir daha nəzərdən keçirməyə dəvət edib. Hadisənin yalnız Türkiyə ilə İsrail arasında olmadığını, İsrail ilə beynəlxalq ictimaiyyət arasında reallaşan bir insan haqqları pozuntusunun olduğunu deyən nazir hesabata "hə" səsi verən ölkələrə təşəkkür edib: "Bu ölkələrin dost olduqları Türkiyəyə deyil, insan haqqları və beynəlxalq hüquqa səs verdilər".
İKT-nin təqdim etdiyi qanun layihəsində BMT İnsan Haqqları Şurasından hesabatı təsdiqlənməsi istənilməklə yanaşı, BMT Baş Assambleyasına da hesabatın qiymətləndirilməsi tövsiyə edilir. Şuranın hazırladığı istintaq hesabatında İsrail adam öldürmə, işgəncə, insanlıqdan kənar rəftarda ittiham olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB