Politoloq: “İraqda muxtar qurumun fəaliyyətinə imkan verilməyəcək” AÇIQLAMA
“İraqda baş verənlər mütləq şəkildə bölgədə sülh və sabitliyin pozulmasına gətirib çıxaracaq”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, kürdlər həmin bölgədə heç kimlə razılaşmadan, həm də öz yaşadıqları torplaqlarda deyil, digər Kərkük türklərindən, ərəblərdən qopardıqları, işğal etdikləri torpaqlarda referendum keçirərək kürd dövləti yaratmaq istəyirlər:
"Lakin buna heç kim imkan verməyəcək. İran, Türkiyə və İraq artıq bölgəyə qoşun yeridirlər. Bu prosesə Rusiyanın da qarışacağı istisna deyil”.
Q.Hüseynlinin fikrincə, kürdlərin İraqın parlamentinin siyasi rəhbərləri ilə razılaşmadan yaratdıqları kürd dövlətinin fəaliyyətinə icazə verilməyəcək: “Çünki onlar işğal etdikləri torpaqlarda demoqrafik vəziyyəti öz xeyirlərinə həll etmək istəyirlər ki, bu da yolverilməzdir”.
Məlumat üçün nəzərinizə çatdıraq ki, sentyabrın 25-də İraqın şimalındakı Kürd Muxtariyyətinin ərazisində müstəqillik referendumu keçirilib. Referendumda təxminən 3,3 milyon nəfər (72,16 faiz) iştirak edib. Səsvermədə iştirak edənlərin 93 faizdən çoxu regionun müstəqilliyini dəstəkləyib. Referendum və seçkilər üzrə ali müstəqil komissiyanın informasiyasına əsasən, müstəqilliyin əleyhinə 6,71 faiz seçici səs verib. Komissiya sədri bülletenlərin hesablanması prosesi davam etdiyi üçün nəticələrin dəyişə biləcəyini bildirib. Səsvermənin rəsmi nəticəsi sentyabrın 28-də elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB