AXCP sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev məhkəmədə dindirildi

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə AXCP sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev və digər 4 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Qabil Məmmədrzayev dindirilib. O öz ifadəsində törədilən cinayətlə heç bir əlaqəsinin olmadığını və ona qarşı irəli sürülən ittihamların heç bir əsası olmadığını bildirib. Dövlət ittihamçısının banka borcunun olub-olmadığı barəsində sualını cavablandıran Q. Məmmədrzayev: " Hazırda banka 24 000 manat borcum var. Evimi də zamin qoymuşam"- deyə bildirib.

 

Hakimin bütün təqsirləndirilən şəxslərin ifadələrinin üstü-üstə düşməsi səbəbini Q.Məmmədrzayevdən soruşanda təqsirləndirilən şəxs ehtimallarla izah etməyə çalışıb. Belə ki, o, cinayətdən xəbərinin olmadığını yenidən bildirib. Lakin hakim Tamella Nəsrullayeva Mirzə Ağayevin ilkin istintaqa verdiyi ifadəni yenidən oxuyub: "Mənim bu cinayətdə əlim yoxdu. Törədilən cinayət işini Qabil törədib".

 

Daha sonra hakim Mirzə Ağayevin ifadəsi barəsində geniş məlumat verib. İfadədə yazılıb: "Mən Ruqiyyəgilin evini Qabilə göstərdim. Oğlu orta məktəbdə oxuyur. İki qızı isə universitetdə təhsil alır. Qabil mənə dedi ki, əgər bunu bacarmasam, batacam. Qabilə dedim ki, bu işə getmə. Sabah mən polisə getsəm səni satacam. Sabahı görüşdük. O mənə dedi ki, evi artıq qız izləyir". Lakin Mirzə Ağayev bu ifadənin ona aid olmadığını bildirib.

 

Daha sonra təqsirləndirilən şəxs Mirzə Ağayevin həyat yoldaşı Gülanə Ağayevə şahid qismində ifadə verib. O, törədilən cinayətdən xəbərdar olmadığını bildirib: "Mən yalnız televiziya vasitəsilə bildim ki, bu iş törədilib. Cinayətdən sonra Ruqiyyə xanımgilə getdim. O, həmişəki kimi məni mehribancasına qarşıladı və dedi ki, mən bilirəm yoldaşının bu cinayətdə əli yoxdur. Lakin gərək o, boşboğazlıq edib danışmazdı".

 

Prosesin gedişinda təqsirləndirilən şəxslərin vəkilləri ittiham tərəfinin 200 min manatının evdə olması ilə bağlı əlavə sübutların məhkəməyə təhvil verilməsi barəsində vəsadət qaldırıblar. Təqsirləndirilən şəxslər vəkillərin qaldırdığı vəsadəti müdafiə ediblər.

 

Hakimlər kollegiyası tərəfindən qaldırılan vəsadət açıq elan edildikdən sonra proses oktyabrın 11-dək təxirə salınıb.

 

İttihama görə, 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanına basqın olub. Basqın edən şəxslər - Elnur Mirzəliyev, Hüseyn Qurbanov və Racu Mehrəliyev evdə olan azyaşlılar Əmir Kərimlini və onun sinif yoldaşı Qədir Azadlını tapança ilə hədələyib, əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Onlar evdən 200 min dollar və qızıl-zinət əşyaları aparıblar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb.

 

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə