Qırğızıstanın Cəzaların icrası Dövlət Xidməti rəhbərliyi Azərbaycanda səfərdə olub-FOTO

Qırğızıstanın Cəzaların icrası Dövlət Xidməti rəhbərliyi Azərbaycanda səfərdə olub-FOTO

Qırğızıstan Respublikası Cəzaların icrası Dövlət Xidməti rəhbərliyinin Azərbaycana işgüzar səfəri olub. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Nazim Ələkbərov Qırğızıstan Respublikası hökuməti yanında Cəzaların icrası Dövlət Xidmətinin sədr müavini Qaçqınəliyev Qalıbek Ozubekoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazim Ələkbərov respublikada son illərdə penitensiar sistemdə görülmüş işlər, habelə cəzaların icrasının təşkili ilə bağlı həyata keçirilmiş tədbirlər, əldə olunmuş müsbət nəticələr və həllini gözləyən problemlər Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət proqramı" barədə ətraflı məlumat verib.

 

N. Ələkbərov xüsusilə vurğulayıb ki, Penitensiar Xidmətin həyata keçirdiyi beynəlxalq əməkdaşlıq sahəsində də nəzərə çarpacaq müsbət dəyişikliklər əldə olunub. Qeyd olunub ki, Avropa Şurası, ATƏT, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər mötəbər beynəlxalq qurumların nümayəndələri mütəmadi olaraq penitensiar müəssisələrdə və istintaq təcridxanalarında monitorinqlər keçirir, cəza çəkənlərin saxlanma şəraiti ilə yaxından tanış olur, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr təqdim edirlər.

 

Qırğızıstan hökuməti yanında Cəzaların icrası Dövlət xidmətinin sədr müavini Q. Qaçqınəliyev səfərin əsas məqsədləri haqqında məlumat verib. Görüşdən sonra Qırğızıstanlı qonaqlar Penitensiar Xidmətin baş idarəsindəki Penitensiar tarix muzeyi ilə tanış olublar. Nümayəndə heyəti qadın məhkumların cəza çəkdikləri 4 saylı cəzaçəkmə müəssisəsində, yetkinlik yaşına çatmayanların saxlanıldığı Tərbiyə müəssisəsində və Yeni Bakı istintaq təcridxanasında olub, həmin müəssisələrin fəaliyyəti ilə tanış olublar.

 

Nümayəndə heyəti ilə Ədliyyə nazirliyinin Tibb baş idarəsində və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyində görüş keçirilib, Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsinə baş çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə